158 nömrəli tam orta məktəbdə Green Note layihəsinin icrasına başlanıb

Energetika Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə “Green Note” enerji və resurs səmərəliliyi layihəsinin icrasına başlanıb. “Green Note” təşəbbüsünün ideya müəllifi və layihə rəhbəri məktəbin 10-cu sinif şagirdi Kamilə Cəfərlidir. Layihə məktəb daxilində toplama qutularının yerləşdirilməsi, təlim proseslərində istifadə olunmuş dəftərlərin və digər kağız məmulatlarının bu qutularda yığılaraq sonradan təkrar emal üçün göndərilməsi, bununla da şagirdlərin təbiətin mühafizəsi prosesində fəal iştirakını nəzərdə tutur.

Bu məqsədlə məktəb kollektivi ilə təşkil edilmiş görüşdə məktəbin direktoru Mehriban Ələkbərova layihənin şagirdlərin resurslara qənaət, tullantıların atmosferə atılmasının azaldılması, təbiətin mühafizəsi və cəmiyyətimizdə ekoloji mədəniyyətin yayılmasında fəal iştirakına təkan verəcəyini vurğulayıb.

Sonra layihə müəllifi Kamilə Cəfərli “Green Note” layihəsi barədə məlumat verib, layihənin dayanıqlı yaşıl gələcəyin qurulmasına töhfələrindən bəhs edib. Qeyd olunub ki, kağızdan istifadə gündəlik təhsil həyatının ayrılmaz hissəsidir: “Təxmini hesablamalara görə təkcə bir məktəbdə hər il 10 tondan çox kağızdan istifadə edilir. Onların 80 faizi, yəni 8 tonu zibilliyə atılır. Bu isə 136 ağacdan ibarət böyük bir yaşıllıq ərazisi deməkdir. Təkcə bir məktəbdə istifadə edilən kağızların istehsalından ötrü hər il dünyanın müxtəlif yerlərində 136 ağac kəsilir. 8 ton kağızın istehsalına 210 000 litr su, 22 400 kilovat enerji sərf olunur və bu qədər kağızın istehsalı prosesində 8 ton karbon dioksid havanı zəhərləyir. Kağız tullantıları zibilliklərdə parçalananda güclü istixana qazı olan metan buraxır. Bu da planetimizdəki bütün canlılar üçün zərərlidir. Bu rəqəmlər Yer kürəsindəki yüz minlərlə məktəbə və hər şagirdin təhsil illərinin sayına yüksəldilərsə, o zaman təkcə məktəblərdə istifadə olunan kağızla ətraf mühitə dəyən ziyanın miqyasının nə qədər böyük olduğu görünür”.

Layihə müəllifi qeyd edib ki, problemin həlli üçün ən effektiv yol istifadə edilmiş kağızlara yeni həyat verməkdir. Kağızların İDEA İctimai Birliyinin dəstəyi ilə məktəbdə qoyulmuş xüsusi qutulara atılması və vaxtaşırı Bakıdakı xüsusi məntəqələrə təhvil verilməsi ilə xeyli kağız təkrar istifadəyə yararlı ediləcək. Bu layihə sayəsində təbii ehtiyatların qorunmasına kömək göstəriləcək. Nəticədə yeni kağızların istehsalı üçün tələb olunan enerji və su istehlakı azalacaq. Atmosferə zərərli tullantıların qarşısı alınacaqdır.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva isə layihənin əhəmiyyətini “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizin COP29-a sədrliyi çərçivəsində dəyərləndirib. Şagirdlərin bununla “təmiz ətraf mühitə” nail olmağın nümunəsini yaratdıqlarını qeyd edib.

Qeyd edək ki, “Green Note” layihəsi çərçivəsində 3 mindən çox şagirdi olan məktəbdə 12 qutu qoyulub. Toplanmış kağızların vaxtaşırı təkarar istehsala cəlb olunması nəticəsində məktəbin illik “yaşıl töhfə”ləri dəyərləndiriləcək. “Green Note” layihəsinin digər məktəblərdə də tətbiqi nəzərdə tutulur.

Əvvəlki məqaləNaxçıvanda “Təbiəti birgə qoruyaq” şüarı ilə aksiya keçirilib
Növbəti məqalədəPolimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan məruzə dinlənilib