“29 İqlim Söhbəti: COP29-a gedən yol”

BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə fəaliyyəti çərçivəsində növbəti, onuncu tədbir “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda olub.

Bu barədə AZƏRTAC-a BMT-nın Əhali Fondunun ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Tədbirin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan çıxış ediblər.

Panel müzakirələri zamanı BMT təmsilçiləri, ekspertlər və yerli vətəndaş cəmiyyəti nümayəndələri qlobal miqyasda müşahidə olunan iqlim dəyişikliyinin demoqrafik proseslərə və əhali dinamikasına təsiri ətrafında fikir mübadiləsi aparıblar.

“COP29-un məqsədi ambisiyaları gücləndirmək və fəaliyyət üçün şərait yaratmaqdır. İqlim dəyişikliyinin demoqrafik təsirlərini həll etməklə, biz davamlı inkişafa və dayanıqlılığa təkan verəcək hərtərəfli və inklüziv siyasətə yol açırıq”, – deyə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov davamlı inkişaf kursunun müəyyən edilməsində demoqrafik tendensiyalarla bağlı yanaşmaların strateji planlaşdırmaya inteqrasiyasının zəruriliyini qeyd edib. O, iqlim dəyişikliyi və əhali meylləri arasındakı əlaqələrin araşdırılmasının idarəetməyə kömək etdiyini vurğulayıb.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan iqlim dəyişikliyinin demoqrafik proseslərə təsiri barədə danışarkən deyib: “İqlim dəyişikliyi əhalinin doğum, miqrasiya və ölüm göstəricilərinə təsir göstərir. İctimai səhiyyə fenomeni olaraq, iqlim dəyişikliyi təhlükəsiz hamiləlik və doğuşdan tutmuş insanların ümumi rifahına və gələcəyə dair gözləntilərinə təsir edir. İqlim amillərindən qaynaqlanan yoxsulluq və ərzaq təhlükəsizliyinin olmaması miqrasiyanın artmasına, eyni zamanda məişət zorakılığı risklərinin çoxalması, qızların təhsildən kənarlaşdırılması və erkən nikahların artması kimi fəsadlara gətirib çıxarır”.

Qeyd etmək lazımdır ki, “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır.

Əvvəlki məqaləCOP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib
Növbəti məqalədəİndiyə kimi “Xıllı Balıq” MMC-də 80 milyondan çox nərəcinsli balıq buraxılışı həyata keçirilib