BƏƏ dövlət enerji şirkəti – “Abu Dhabi National Oil Co.” (ADNOC) dekarbonizasiya layihələrinə investisiyalarını 50 %-dən çox artıracaq.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
ADNOC-un Direktorlar Şurası bu məqsədlər üçün büdcənin 23 milyard ABŞ dollarına çatdırılmasını təsdiqləyib.
“Şirkət dekarbonizasiyanı sürətləndirmək, bərpa olunan enerji layihələri və sənayenin 2045-ci ilə qədər karbon neytrallığına doğru hərəkətini dəstəkləyəcək aşağı karbon həlləri hazırlamaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək”, – məlumatda qeyd olunub.
Daha əvvəl ADNOC 2030-cu ilin sonuna qədər dekarbonizasiya layihələri, texnologiyaları və aşağı karbon həlləri üçün 15 milyard ABŞ dolları xərcləməyi planlaşdırdığını bildirmişdi.