Bu gün Ümumdünya Yaşayış Yerlərinin Mühafizəsi Günüdür. Bu təqvim gününün məqsədi bəşəriyyətin diqqətini Yer planetinin faunasının yaşayış mühitinin qorunması probleminə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Yaşayış Yerlərinin Mühafizəsi Günü 1979-cu ildə Avropanın vəhşi təbiətin və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyasının bir hissəsi kimi təsis edilib.
İnsan öz fəaliyyəti ilə çoxdan təbiətə təsir göstərib, onu dəyişdirib. Hər il dünyada daha çox ərazilər əkin sahələrinə, otlaqlara çevrilir və şəhərlərin böyüməsi, mədən hasilatı, fabriklərin və digər sənaye obyektlərinin tikintisi ilə əlaqədar təbiət dəyişikliklərə məruz qalır. Yer kürəsində praktiki olaraq heç bir insanın ayaq basmadığı yer qalmayıb.
Lakin insanın təbiətin qanunlarına və ərazilərinə nəzarətsiz müdaxiləsi yüzlərlə heyvan və bitki növünün geridönməz şəkildə məhvinə səbəb olub. Dünya Təbiəti Mühafizə Birliyinin məlumatına görə, son 500 ildə 844 heyvan və bitki növü tamamilə yox olub. Təəssüf ki, həmin rəqəmlər son deyil, bu gün heyvanlar aləminin bir çox növü tamamilə yox olmaq ərəfəsindədir.
Ümumdünya Yaşayış Yerlərinin Mühafizəsi Günü bütün bəşəriyyətə xatırladır ki, bizim hamımız, insanlar təbiətin yalnız bir hissəsiyik və əlimizdə olan hər şeyi ona borcluyuq. Bu gün dünya ictimaiyyətinin diqqətini antropogen amilin təbiətə dağıdıcı təsirinə cəlb etmək məqsədi daşıyır.
Bu gün ətraf mühit və ekoloji təşkilatlar bütün dünyada müxtəlif ekoloji tədbirlər keçirir, dünya ictimaiyyətini planetimizin təbii sərvətlərinə qayğı göstərməyin və qorumağın zəruriliyi barədə düşünməyə çağırır. Çağırışlardan biri də bütün dünyada ekoloji mühitin yaradılmasıdır.
2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, ceyranların, zubrların reintroduksiyası, bəbirlərin populyasiyasının bərpası ilə əlaqədar layihələr icra olunur. Nəcib maral, bezoar keçiləri, tirəndaz, Şərqi Qafqaz turu, köpgərin də təbii areallarının bərpası istiqamətində işlər görülür.