2023-cü ildə energetika sektorunda emissiyalar üzündən qlobal karbon qazı ilə çirklənmə rekord səviyyəyə çatıb və buna qismən də quraqlığın hidroelektrik istehsalını məhdudlaşdırdığı ölkələrdə qazıntı yanacaqlarından istifadənin artması səbəb olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) son hesabatına əsasən, alimlər yaxın illərdə qlobal temperatur artımının məhdudlaşdırılması və sürətlə baş verən iqlim dəyişikliyinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün karbon qazı tullantılarının, əsasən də atmosferə atılan karbon qazının kəskin azaldılmasının, habelə qazıntı yanacaqlarından istifadənin minimuma endirilməsinin zəruriliyini qeyd edirlər.
BEA-nın hesabatında qeyd olunur ki, CO2 emissiyaları Paris Sazişində müəyyən edilmiş qlobal iqlim məqsədlərinə çatmaq üçün tələb olunan sürətlə azalmır, həm də yeni rekord səviyyəyə çatıb. Agentliyin apardığı təhlilə əsasən, enerji istehsalının qlobal emissiyaları 2023-cü ildə 410 milyon metrik ton və ya 1,1 faiz artaraq 37,4 milyard metrik tona çatıb. Üstəlik, planetin bəzi regionlarında müşahidə olunan qeyri-adi şiddətli quraqlıq su elektrik stansiyalarının fəaliyyətinə təsir göstərməsəydi, ötən il emissiyaların həcmi daha da aşağı səviyyədə ola bilərdi.
Külək, günəş enerjisi və elektrik nəqliyyat vasitələri kimi təmiz texnologiyaların qlobal miqyasda yayılması emissiyaların artım sürətini azaltmağa kömək edir.
Hesabata görə, ABŞ-da enerji istehsalı ilə bağlı emissiyalar 4,1 faiz azalıb, bu azalmanın əsas hissəsi elektrik enerjisi sektorunun payına düşüb.
Avropa İttifaqı ölkələrində enerji emissiyaları keçən il bərpa olunan enerji istehsalındakı artım, habelə kömür və qaz enerjisi istehsalının azalması ilə əlaqədar olaraq təxminən 9 faiz azalıb.
Hesabatda deyilir ki, Çinin enerji emissiyaları 5,2 faiz artıb. Bu ölkənin COVID-19 məhdudiyyətlərindən qurtulması ilə enerji tələbatında da artım müşahidə olunub.
Bununla belə, BEA-nın məlumatına görə, 2023-cü ildə qlobal günəş, külək enerjisi və elektrikli avtomobil istehsalının təxminən 60 faizi Çinin payına düşüb.