BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir.
M.Babayev COP çərçivəsində danışıqlarda 1,5°C hədəfinə nail olunmasının diqqət mərkəzində saxlanılmalı olduğunu da vurğulayıb:
“1,5°C hədəfinə nail olmaq üçün səylərimizi birləşdirməliyik. Bu məsələyə dair bədbin deyiləm. Biz qlobal səviyyədə emissiyaların azaldılması proqramın məqsədinə və həyata keçirilməsinə doğru irəliləməliyik. Əgər biz hərəkətə başlasaq, əvvəlki COP-larda əldə olunmuş razılaşmaları həyata keçirməyə başlasaq, bizim şansımız var. Biz mümkün olan hər şeyi edəcəyik”.
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.