Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində növbəti abadlıq işləri görülüb.
AZƏRTAC xəbər verir ki, şəhərin Tofiq İsmayılov və Yanvar küçələrində, ümumilikdə, 900-dən çox sakinin yaşadığı binaların həyəti abadlıq və yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.
Abadlaşdırılan növbəti həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Burada sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti də nəzərə alınıb.
Sahəsi 1,2 hektar olan həyətin ərazisində dörd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Həmçinin sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma və suvarma sistemi quraşdırılıb, binaların fasadları və giriş hissələri təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150-dən çox şam ağacı, 40 ədəd gül kolu əkilib, yaşıllıq zolağı salınıb.
Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.