Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilir. Forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub.
Beynəlxalq tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin dağ-mədən sənayesində fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Forumun rəsmi hissəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokasalvo, Türkiyə Mədən və Petrol İşləri Agentliyinin sədri Arslan Narin, Türkiyə Mədən Texnik Araşdırma Dövlət Şirkətinin rəhbəri Vedat Yanık, Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov çıxış ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin miqyası genişlənib. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri-filiz yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra sənayenin müxtəlif sahələrində tələbatın ödənilməsi üçün istismara cəlb edilir. Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.
“2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb. Həmin ərazilərdə iqtisadiyyatın bərpasında böyük rol oynayan zəngin təbii mineral ehtiyatlar var və həmin bölgələrimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkənin ümumi iqtisadı sisteminə inteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinin gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcək”, – deyə M.Babayev bildirib.
Son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyasının işlənib hazırlandığını və uğurla həyata keçirildiyini diqqətə çatdıran Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib: “İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi də ölkəmizdə dövlət siyasətinin mühüm prioritetləri sırasında yer alır. Həmin ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi üçün nəzərdə tutulan istiqamətlər sırasında dağ-mədən sənayesi də yer alır ki, bu da təsadüfi deyil. Azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir”.
Azərbaycan geologiyasının 7 kilometrə qədər dəqiqliklə öyrənildiyini deyən Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə bu gün informasiya texnologiyalarının həm dağ-mədən, həm də başqa sənaye istiqamətlərinə daxil edilməsinin vacibliyini qeyd edib: “Gizli yataqların tapılması dağ-mədən sənayesinin gələcəkdə qarşısında duran məsələlərdən olmalıdır. Bu sahədə elm və dağ-mədən mütəxəssisləri şərikli işləməlidir”.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, dağ-mədən sahəsinin daha da inkişafına töhfə vermək təmsil etdiyi qurumun fəaliyyətinin əsas amalını təşkil etdiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin məqsədlə, “AzerGold” QSC bu günədək mədən layihələrinin icrası üçün 453 milyon 828 min 600 manat investisiya yönəldib. 2017-ci ildən Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə həyata keçirilən istismar işləri nəticəsində bu günədək 388.4 min unsiya qızıl, 842.1 min unsiya gümüş hasil edilib. Ötən dövr ərzində 388.8 min unsiya qızıl, 846.5 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 1 milyard 97 milyon 97 min manat vəsait cəlb edilib. Bununla yanaşı, dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 148 milyon 373 min 272 manat məbləğində vəsait ödənilib.
BMT-nin rezident-əlaqələndiricisi Vladanka Andreeva mədənçilik sektorunun müasir iqtisadiyyatın inkişafı üçün çox vacib sahələrdən biri olduğunu vurğulayıb. Bildirilib ki, bu zaman çağırışlar da nəzərə alınmalıdır: “Ətraf mühitə qarşı diqqətli olmaq vacib çağırışlardandır. Təkcə ətraf mühit deyil, səhiyyə sahəsi də diqqətdən kənarda qalmamalıdır. Odur ki, qeyd etməliyəm ki, Azərbaycan hökuməti mədənçilik sahəsində yoluxmaların qarşısının alınması üçün çox böyük işlər görüb. Biz Azərbaycanın 2030-cu il dayanıqlı inkişaf məqsədlərinə nail olmasına çalışacağıq. Ən yaxşı şəkildə işlərimizi azad olunmuş torpaqlarda da görə bilərik. Qarabağda dövri iqtisadiyyat modelindən istifadə etməliyik”.
Forum panel sessiyalarla davam edib. Mötəbər tədbirin birinci günündə keçirilən “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri” və “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması” sessiyalarında yerli və xarici mütəxəssislər təqdimatlarla çıxış edib, mövzular ətrafında müzakirələr aparıblar.
Forumun işinə oktyabrın 27-də yekun vurulacaq. Sonuncu gündə “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi” və “Geologiya və dağ mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzularında panel sessiyalar keçiriləcək. Həmçinin ikitərəfli sənədlərin imzalanma mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edir.