Zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza bayram tətili günlərində 5 mindən artıq turist səfər edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, milli parklarda Ramazan bayramı ilə əlaqədar təşkil olunan tədbirlər, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən maarifləndirici aksiyalar, eləcə də yazın gəlişini hiss etdirən hava şəraiti ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara çox sayda turistlərin səfər etməsinə vəsilə olub.
“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”, – deyə A.Babayeva qeyd edib.