Əhalisinin üç milyonu dəhşətli quraqlıq səbəbindən yaşayış yerini dəyişməyə məcbur olan Somali beynəlxalq hüquq tərəfindən hələ qəbul edilməyən iqlim qaçqınları dramına nümunə olan ölkədir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq təşkilatların dəyərləndirməsinə əsasən, davamlı quraqlıq Somalidə 3 milyon insanın yaşayış yerini dəyişməsinə səbəb olub. Təkcə ötən il quraqlıq 43 min insanın həyatına son qoyub. Onlardan yarısı 5 yaşınadək uşaqlar olub.
Müxtəlif dəyərləndirmələrə görə, bu ilin ilk 6 ayı ərzində 18 mindən 34 minədək insan həlak olub.
Payızın əvvəlində yağan leysan yağışları iqlim səbəbindən qaçqın vəziyyətinə düşən insanların güzəranını daha da çətinləşdirib. El-Ninyo və Hind okeanındakı Dipol hadisələri infrastruktura zərbə vurulacağının və xəstəliklərin yayılacağının əlamətidir. ÜST-nin bu yaxınlardakı hesabatına əsasən, okeanın səthindəki temperaturlar arasındakı fərq yaxın aylarda yeni leysan yağışları təhlükəsindən xəbər verir və bu yağışlar böyük sayda insanın yaşayış yerlərini dəyişməsinə səbəb ola bilər.
Somali həyəcan oyadan qlobal hadisənin elementar nümunəsidir. Daxili yerdəyişmə monitorinqi mərkəzinin məlumatına görə, 2008-ci ildən bəri dünyada 318 milyondan çox insan daşqın, fırtına, zəlzələ və quraqlıqlar nəticəsində öz ev-eşiklərini tərk etməli olublar. Təkcə 2020-ci ildə onların sayı 30,7 milyona çatıb. Bu, hər saniyədə bir insanın yerini dəyişməsinə bərabərdir.
İqtisadiyyat və Sülh İnstitutunun proqnozlarına görə, 2050-ci ilədək dünyada iqlim dəyişməsi və təbii fəlakətlər səbəbindən yaşayış yerini dəyişən insanların sayı 1,2 milyarda çatacaq.
Somalidə sürülərin və məhsuldar torpaqların azalması insanları bu ölkəni geriyə qayıtmadan tərk etməyə vadar edir. Münaqişələr nəticəsində yaşayış yerini dəyişmiş insanlardan fərqli olaraq, iqlim səbəbindən qaçqın düşənlərin qayıtmaları üçün yer yoxdur. Münaqişəyə görə ev-eşiklərini məcburən tərk edənlər, münaqişə bitdikdən sonra qayıda bilərlər. İqlim dəyişikliyi isə birdəfəlik yerdəyişmə deməkdir.
Bəzi somalililər öz ölkəsində, bəziləri isə xaricdə sığınacaq tapırlar. Lakin onların hamısı hüquqi cəhətdən asılı vəziyyətdə yaşayırlar.
Beynəlxalq hüquqda iqlim səbəbindən qaçqın statusu tanınmayıb. Hətta BMT-nin Nizamnaməsi onları qaçqın hesab etmir.