“Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans

Mayın 27-də Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli prioritetlərdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək, bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Yaşıl artım siyasətinin gündəliyi” adlı açılış panelində elm və təhsil naziri Emin Əmrullayev, energetika nazirinin müavini Samir Vəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı Nigar Arpadarai çıxış ediblər. İştirakçılar yaşıl artım siyasətinin gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, ölkəmizdə yaşıl iqtisadiyyata keçid üçün bütün sahələrdə kompleks yanaşmanın ortaya qoyulması labüddür. Təhsil sistemi isə bu prosesdə əsas faktorlardan biridir.

Daha sonra Emin Əmrullayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində peşə təhsili müəssisələri arasında elan olunan #YaşılDünyaNaminə videoçarx müsabiqəsinin qaliblərinə – Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələrinə mükafatları təqdim edib.

Konfransın ikinci paneli “Yaşıl artım naminə dövlət-özəl tərəfdaşlığı” mövzusuna həsr olunub.

“Yaşıl artım naminə bacarıqların inkişafında təhsilin rolu” adlı üçüncü panel müzakirəsi isə müxtəlif təhsil pillələri üzrə nümayəndələrin iştirakı ilə keçirilib.

Konfrans zamanı, həmçinin auditoriyanı maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb.

Əvvəlki məqaləAzərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir
Növbəti məqalədəPeruca Universitetində Azərbaycan – İtaliya münasibətləri mövzusunda tədbir keçirilib