COP29 Akademiyası

Cari il noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP29 konfransı çərçivəsində aktiv iqlim fəaliyyəti ilə planetimizə müsbət təsirlərə əsaslı töhfələrin verilməsi, eyni zamanda Bakı şəhərinə üz tutacaq on minlərlə xarici qonağın ən yaxşı təcrübə və qonaqpərvərliklə qarşılanmasının təmin edilməsi istiqamətində göstərilən səylərlə yanaşı, həmçinin tədbirin paytaxt və ölkəmizə təsirləri də dəyərləndirilməkdədir. Bu istiqamətdə COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti layihəyə start verərək, ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyasının fəaliyyətə başladığını elan edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, akademiyanın yaradılması təşəbbüsü iqlim və dayanıqlılıq mövzularında peşəkar səriştələr, liderlik, dərin bilik nümayiş etdirən və fərqlənən universitet məzunlarını tanımağı və dəstəkləməyi, ölkənin parlaq gəncləri vasitəsilə dayanıqlılığın əhəmiyyəti barədə cəmiyyətin məlumatlandırılmasını hədəfləyir.

Bu proqram iştirakçılara mentorluq, davamlı peşəkar inkişaf və özünü inkişaf üçün imkanları təklif etməklə iştirakçıların dayanıqlılıq sahəsində biliklərə yiyələnməsi, həmyaşıdları, ailələri və ictimaiyyət ilə paylaşmaları üçün bir platforma rolunu oynayacaq.

İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarəedilməsi, peşəkar davranış kodeksi və s. kimi yumşaq bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29 Akademiyasının iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək COP29 tədbirinin təşkilinə işçi heyətinin üzvü qismində töhfə verməyə cəlb ediləcəklər.

2023 və 2024-cü illərdə akkreditə olunmuş universitetlərdən məzun olan, Azərbaycan vətəndaşlığını daşıyan və əmək fəaliyyəti ilə məşğul olmayan, sosial aktiv, xarici dil bilikləri yüksək olan bütün namizədlər cari il iyunun 22-dək link vasitəsilə ərizə formasını dolduraraq qeydiyyatdan keçə bilərlər. Proqram tələblərinə əsasən seçilən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Əlavə məlumat üçün www.cop29.az, academy@cop29.az və ya +994125352928 müraciət oluna bilər.

Ümumilikdə, tədbir həm gənclər, həm ölkənin ümumi işçi qüvvəsinə əsaslı şəkildə təsir edəcək. Bu xüsusda ölkəmiz öz fəaliyyəti ilə paytaxt Bakı və onun hüdudlarından kənarda insan kapitalının formalaşması, infrastrukturun təkmilləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi istiqamətlərində əldə edilən nailiyyətləri tədbirdən sonra da miras olaraq saxlamağı hədəfləyir.

Əvvəlki məqaləKürdəmirdə leysan yağışlar ictimai həyatı iflic edib
Növbəti məqalədəCOP28 nümayəndələri: COP29-da adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfi yaradılacaq