BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə təşkilatçılığı ilə “İqlim mühafizəsi üzrə Hüquq Mühafizə Orqanlarının Beynəlxalq Təşəbbüsü (I2LEC)” platforması tərəfindən “Ətraf mühitin qorunması üzrə beynəlxalq strategiyalar” adlı tədbir təşkil edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi ətraf mühitin mühafizəsi fəaliyyətində hüquq mühafizə orqanlarının iştirakının gücləndirilməsi ilə bağlı panel müzakirələrin aparılması olub.
BMT-nin Baş katibinin müavini Jean-Pierre Lacroix, BMT Baş katibinin köməkçisi Alexandr Zoyev, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) və Beynəlxalq Polis Təşkilatının (İNTERPOL) nümayəndələrinin, müxtəlif ölkələrin nümayəndə heyətlərinin 60-dan çox üzvünün iştirakı ilə keçirilən tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev təmsil edib.
Tədbirdə çıxış edən Səbuhi Alıyev ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəyini, bunun Azərbaycanın yürütdüyü sülhün və təhlükəsizliyin təşviqinə yönəlmiş qlobal həmrəylik siyasətinə beynəlxalq aləm tərəfindən göstərilən diqqət nümunəsi olduğunu, ərazilərinin böyük bir hissəsinin 30 illik işğalı dövründə ekoloji terrora məruz qalmış bir ölkə kimi Azərbaycanın ətraf mühitin qorunmasına və iqlim dəyişikliklərinin mənfi təsirlərinə xüsusi həssaslıqla yanaşdığını bildirib.
O, keçirilən panel müzakirələrdə çıxış edərək ekoloji cinayətlərin aşkara çıxarılması, istintaqı və qarşısının alınmasında təcrübədə mövcud olan çətinliklər və onların həlli yollarına dair fikirlər irəli sürüb.