İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən ərazilər subasmaya məruz qalıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər nazirliyin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.