tikinti zamanı yaşıllıqların məhv edilməsi ilə bağlı dinləmə

Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasım küçəsində şirkət rəhbərinin yaşayış tikintisi ilə əlaqədar yaşıllıq məhv edilir.

“Report” xəbər verir ki, bununla əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinin keçirdiyi ictimai dinləmədə məlumat verilib.

Dinləmədə müstəqil ekspertlər və media nümayəndələri iştirak edib.

Bildirilib ki, “İnvest M Construction” MMC-nin 2 il öncə apardığı söküntü işləri ilə bağlı təbiətə 1 milyona yaxın ziyan dəyib.

İctimai dinləmədə məlumat verilib ki, şirkət sözügedən ərazidə qalan yaşıllıqların da məhvini istəyir.

Dinləmədə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə icazəsiz olaraq ağacların kəsilməsi ilə bağlı suallar ünvanlayıb.

“İnvest M Construction” MMC-nin hüquqşünası Yavər Yavərzadə bildirib ki, sakinlər ağaclarını yox, ev tələb edirlər:

“Sakinlər bizə bildirirlər ki, mənə ağac maraqlı deyil. Mənim evimi tikib, verin”.

Bu fikir müzakirə iştirakçıları arasında narazılığa səbəb olub. Bildirilib ki, ağaclarla bağlı qərarı həmin ərazidə evlə təmin olunacaq şəxslər və ya tikinti şirkəti yox, əlaqədar qurumlar müvafiq dəyərləndirmələrdən sonra verə bilər. Digər mübahisəli məqam tikinti şirkətinin öz layihəsini sosial layihə kimi təqdim etmək cəhdi olub.

Həmçinin Nərimanov rayonu, Həsən Əliyev küçəsindən Ziya Bunyadov küçəsinə paralel olaraq “Koroğlu” metro stansiyasına gədən yeni avtomobil yolunun, “Keşlə” bazarının yaxınlığında, Əliyar Əliyev küçəsində tikiləcək tunelin altına düşən yaşıllıqların köçürülməsi və Heydər Əliyev prospekti 167 ünvanında Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının sahəsinin ön giriş nöqtələrinə düşən yaşıllıqların köçürülməsi ilə bağlı müzakirələr aparılıb.

Əvvəlki məqaləBakıda COP29 çərçivəsində Parlament iclası keçiriləcək
Növbəti məqalədəSabah 40 dərəcə isti olacaq