COP29 Azərbaycanda yaşıl energetikanın inkişafında əsas rol oynayacaq. Bu tədbir ölkəmizə yaşıl enerji sektorunun inkişafı vasitəsilə təbii ehtiyatlardan istifadəyə öz məsuliyyətli münasibətini nümayiş etdirmək üçün unikal imkan verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının rəhbəri Cəlal Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu mötəbər tədbirdə davamlı inkişafa sadiqliyini və ekoloji cəhətdən təmiz texnologiyalara sərmayə qoya biləcəyini nümayiş etdirə biləcək.
“Bu, ənənəvi enerji mənbələrindən asılılığı azaltmaqla yanaşı, beynəlxalq investisiyaların cəlb edilməsinə, təcrübə mübadiləsinə və iqlim siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsinə kömək edir. Beləliklə, COP29-un keçirilməsi Azərbaycanın davamlı və ekoloji cəhətdən təmiz gələcəyinə doğru mühüm addım olacaq”, – deyə C.Hüseynov vurğulayıb.
O qeyd edib ki, ölkəmiz alternativ enerji mənbələrinin inkişafı üzərində fəal işləyir: “Bu yaxınlarda Azərbaycanla Aİ arasında enerji kabeli ilə bağlı saziş imzalanıb ki, bu da Şərqi Avropa ölkələrinə, o cümlədən Ukraynaya bu sistemə qoşulmağa imkan verəcək. Həmin saziş yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Azərbaycanın yaşıl enerji layihələrinə investisiyaları Rusiyanın təcavüzü nəticəsində Ukraynanın enerji infrastrukturunun dağıdılmasını və müharibə dövründə elektrik enerjisi istehsalı qıtlığını nəzərə alsaq, xüsusilə böyük potensiala və əhəmiyyətə malikdir. Bu investisiyalar Ukraynanın enerji sistemini nəinki bərpa etməyə, həm də onu modernləşdirməyə, daha dayanıqlı və ekoloji cəhətdən təmiz hala gətirməyə kömək edəcək”.
Cəlal Hüseynov bildirib ki, bundan başqa, Azərbaycan Ukrayna ərazisindən keçməklə Mərkəzi Asiyadan qaz tədarükü üçün tranzit ölkəyə çevrilə bilər: “Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski də bunu bəyan edib. Azərbaycanın Ukraynada yeni qaz yataqlarının işlənməsində iştirakı və təcrübəsi də nəzərdən keçirilir ki, bu da ölkələrimiz arasında dərin və perspektivli iqtisadi əlaqələrdən xəbər verir”.