Oksford Universitetinin Blavatnik adına Dövlət İdarəetmə Məktəbində (Blavatnik School of Government) tələbələr praktiki dərslər zamanı Bakıda bu ilin payızında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “məşqini” təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, iyulun 16-da universitetin saytında dərc edilmiş reportajın müəllifləri – gələcək ictimai siyasət magistrləri (Master of Public Policy – MPP) Key Atanda və Ləman Əhmədova simulyasiyanın necə keçdiyi barədə danışır, həm də immersiv təlimin nəzəriyyə ilə təcrübə arasındakı boşluğu necə qət etdiyi barədə düşünürlər.
“Dəhlizləri Azərbaycan incəsənətinin əsərləri bəzəyirdi, masalarda milli delikateslər düzülmüşdü, sifarişlə hazırlanmış dekorasiyalar isə iştirakçıları COP29-a ev sahibliyi edəcək Bakının günəşli küçələrinə apardı. Modelləşdirmə zamanı MPP proqramının tələbələri iqlim böhranı ilə mübarizə üzrə sazişinin razılaşdırılması tapşırılan dünya liderləri rolunda çıxış etdilər. Simulyasiya onlara iqlim üzrə beynəlxalq danışıqların çətinliklərindən unikal təsəvvür almağa imkan verib”, – deyə məqalədə deyilir.
“COP29 iqlim sammiti xüsusi əhəmiyyət kəsb edir, çünki o iqlim maliyyələşdirilməsi məsələlərinə həsr olunacaq”, -deyə məqalədə vurğulanır. Beynəlxalq təşkilatların hesabatlarına görə, 2030-cu ilə qədər inkişafda olan və formalaşan bazarı olan ölkələrə iqlim dəyişmələri ilə əlaqədar sərmayələr üçün ildə iki trilyon dollardan çox vəsait lazım olacaq.
Azərbaycanda keçirilən konfransdakı diskussiyalarda mərkəzi yeri inkişaf etmiş ölkələrin ildə 100 milyard dollar səfərbər etmək öhdəliyinin nəzərdə tutulduğundan iki il gec yerinə yetirildiyini nəzərə alaraq, iqlimin maliyyələşdirilməsi üzrə Yeni kollektiv kəmiyyət hədəfi məsələsi tutacaq. Bu ilin noyabrında keçiriləcək konfransda ölkələrin iqlim maliyyələşdirilməsi üzrə yeni öhdəliklər götürməsi gözlənilir.
Bu informasiyanı və müxtəlif tərəflərin, o cümlədən dünya siyasətinin nüfuzlu aktorlarının fikrini nəzərə alaraq, iki gün ərzində tələbələr intensiv danışıqlar aparıb, ekspertlərdən məlumat alıb və bölüşdürülmüş rollara uyğun olaraq strateji sənədlər hazırlayıblar.
“Otaqda canlı ab-hava hökm sürürdü, etirazlar başlayırdı, təkliflər irəli sürülürdü, danışıqlar üzrə bloklara qarşı ittihamlar səslənirdi. Sakit dəhlizlərdə gözlənilməz ittifaqlar yaranırdı, zalda isə həyəcanlı nitqlər səslənirdi. Kiçik Ada Dövlətləri Alyansının (AOSIS) “nümayəndələri” etiraz əlaməti olaraq masaların üzərinə əriyən buz qayalarını qoyaraq, bu həssas ölkələr qrupunun mövcudluğuna təhlükə yaradan iqlim böhranının kəskinliyini səssizcə vurğulayırdılar”, – deyə reportajın müəllifləri yazırlar.
Modelləşdirmənin maraqlı və gözlənilməz nəticələrindən biri o oldu ki, tələbələr iyun ayında Bonnda keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransının iştirakçıları ilə eyni nəticəyə gəldilər: iqlim dəyişmələrinin mənfi nəticələri ilə uğurla mübarizə aparmaq üçün dünya ictimaiyyətinə bir trilyon ABŞ dollarından çox vəsait lazımdır.
“Azərbaycanın qarşısında vacib vəzifə durur – ölkələri ikitərəfli sövdələşmələrə deyil, kollektiv, qlobal qərarlara üstünlük verməyə stimullaşdıran platforma yaratmaq. Bu, nəzərəçarpan tərəqqiyə nail olmaq üçün çox vacibdir”, – deyə modelləşdirmə zamanı COP29-a ev sahibliyi edən ölkənin təmsilçisi Marselo de Medeyros Bezerra bildirib.