Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə Dövlət katibi Ed Miliband Azərbaycanın bu ölkədəki səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən ilk rəsmi tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak etməkdən şərəf duyduğunu bildirən Ed Miliband iqlim dəyişikliyinin qarşısının alınması və planetin yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin çox əhəmiyyətli olduğunu vurğulayıb. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını deyib. O, bu kontekstdə iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Dövlət katibi çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə, Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.
Tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Britaniyanın Baş naziri Kir Starmerə COP29-da iştirakla bağlı ünvanladığı dəvət məktubu Dövlət katibi Ed Milibanda təntənəli surətdə təqdim edilib.