Avqustun 11-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Biomüxtəliflik-təbiətin harmoniyası” devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı qazanacaqlar.
Tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdiriləcək, ekoturizm marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə asudə vaxtlarını təbiət qoynunda necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək.
Eyni zamanda, tədbirdə interaktiv zona yaradılacaq, iştirakçılar arasında ekoviktorina keçiriləcək, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkəcək, müxtəlif yaş qrupundan olan uşaqlar üçün təbiətdə oyunlar konsepsiyası, intellektual inkişaf oyunları, art terapiya təşkil olunacaq.
Tədbir saat 18:00-dan başlayaraq Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında təşkil olunacaq.
Milli parklarımızla, onların rəngarəng təbiəti ilə yaxından tanış olmaq, maraqlı və əyləncəli vaxt keçirmək üçün fürsəti qaçırmayın!