Elektrik enerjisinin böyük hissəsi istilik elektrik stansiyalarında istehsal olunur. İstər kömür, istərsə də təbii qaz ilə işləyən istilik elektrik stansiyaları birmənalı olaraq havaya zəhərli qazlar buraxır. Yəni daha çox elektrik enerjisindən istifadə etmək, elektrik enerjisinin daha çox istehsal olunmasını zərurətə çevirir. Daha çox istehsal olunan elektrik enerjisi isə daha çox tullantılara gətirib çıxarır. Buna görə də hər bir insan elektrik enerjisindən qənaətli istifadə etməklə, təkcə öz xərclərini azaltmır, eyni zamanda, təbiəti qorumuş olur.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, qənaət insanın həyat fəaliyyətində əsas prinsiplərdən olmalıdır. “İngilislərin yaxşı bir atalar sözü var: “Qənaət edilən qəpik, qazanılan qəpikdir”. Yəni qənaət, həm də insanın qazancı deməkdır. Məsələyə bu kontekstdən yanaşdıqda elektrik enerjisinə qənaət olunması həm də insanın maddi vəziyyətinə müsbət təsir edir. Xərclərin azaldılması yeni enerji əlçatanlığının daha yuxarı səviyyədə olmasını və fasiləsizliyi də təmin etmiş olur”, – deyə ekspert bildirib.
Eldəniz Əmirov qeyd edib ki, alternativ enerji mənbələrindən (su, külək və günəş) elektrik enerjisi istehsalı zamanı atmosferə zəhərli qazlar atılmasa da, bu prosesin özü belə əlavə xərc tələb edir. “Ona görə də, yeni texnoloji avadanlıqlardan, daha çox qənaət edən cihazlardan istifadəyə üstünlük vermək lazımdır. Günəş panellərindən, eləcə də lampalarından istifadə də nəticədə qənaətə gətirib çıxarır. Bu sahədə kütləvilik olarsa, nəticədə elektrik enerjisinin qənaətlə istifadəsinə və havaya zəhərli qazların daha az atılmasına səbəb ola bilər”, – deyə ekspert əlavə edib.