İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası

Bakıda iqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssaslığı ilə seçilən inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası keçirilib.

“Report” xəbər verir ki, iclasın müzakirə mövzusu COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan itki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar olub.

Tədbiri açan COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib.

İtki və Zərərə Cavab Fondunun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayan nazir tərəfdaşların iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirmələrinin, dəyən zərərlə bağlı müvafiq işlərin görülməsinin əhəmiyyətini qeyd edib.

O bildirib ki, COP29 ərəfəsində ötən illərdə keçirilmiş tədbirlərin nəticələrinə əsaslanaraq irəli getmək lazımdır:”İqlim dəyişikliyi təbiətə dəyən ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunələrindən biri də Asiya ölkələrində tüğyan edən qasırğalar və daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb”.

İqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərməyin vacibliyini vurğulayan M.Babayev İtki və Zərərə Cavab Fondunun bu istiqamətdə mühüm rol oynayacağını da diqqətə çatdırıb: “Ümumdünya Meteorologiya Təşkilatı cari il sentyabrın əvvəlində yayımladığı hesabatında Afrika ölkələrinin iqlim dəyişikliyi səbəbindən ÜDM-in 5 faizini itirdiyini qeyd edib. Az inkişaf etmiş ada ölkələri isə 2,1 faiz iqtisadi zərərə uğrayıblar”.

“İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin bundan əvvəlki iclasından ötən müddət ərzində xeyli irəliləyişə nail olmuşuq. Biz həmin iclasda ev sahibi olan ölkəni seçdik”, – deyən Muxtar Babayev ev sahibliyinə görə Filippin dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üç gün davam edəcək iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.

2023-cü ildə təsis edilən İtki və Zərər Fondunun ilk iclası cari il mayın 1-də, ikinci iclası isə iyulun 9-da keçirilib. Fondun yaradılmasında məqsəd iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı, xüsusilə inkişaf etməkdə olan ölkələrə yardım göstərməkdir.

Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.

İclas çərçivəsində Fondun İcraçı direktorunun təyin olunması nəzərdə tutulur.

Əvvəlki məqalə“COP29-da QHT-lərin iştirakçılığı” mövzusunda təqdimat keçirilib
Növbəti məqalədəCOP29 çərçivəsində Bakıda 350 avtobus işləyəcək