Qlobal meşə yanğınlarının əraziləri son 10 ildə üç dəfə artıb
2001-ci ildən 2021-ci ilə qədər bütün dünyada 25 milyon hektara qədər meşə yanıb ki, bu da Böyük Britaniyanın ölçüsünə bərabərdir.
“Report” xəbər verir ki, bu nəticəyə Kembric və Avstraliya Milli Universitetlərindən bir qrup britaniyalı və avstraliyalı alim gəlib.
Tədqiqat Nature Geoscience elmi jurnalında dərc olunub. Hesabata görə, son on ildə illik meşə yanğınlarının sayı üç dəfə artıb. Ən çox zərər çəkmiş ərazilər Braziliya, Avstraliya, Kanada, ABŞ və Rusiya olub.
Dünya meşələrində yanğın təhlükəsinin artmasının mümkün səbəblərindən biri odur ki, odun yığımı meşələri yanğına qarşı daha həssas edir. Bu, bütöv meşələrin həmişə kəsilmiş meşələrdən daha az intensivlikdə yandığı Avstraliyanın cənub-şərqində qeydə alınıb.
Vurğulanıb ki, problemi həll etməyin bir yolu plantasiyalarda daha çox ağac yetişdirməkdir. Belə plantasiyalar artıq kommersiya məqsədləri üçün əsas ağac növlərinin üçdə birini istehsal edir. Bununla belə, meşə plantasiyaları təbii meşələrin yalnız 3%-ni tutur.
Qeyd edək ki, son beş il ərzində Azərbaycanda 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub. Təkcə ötən il ərzində meşə fondu torpaqlarında 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb. Bu il isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğından zərər görüb.