Yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə aksiyaları payız ağac əkini mövsümündə də davam edir.
Son bir ay ərzində təkcə Müşfiqabad qəsəbəsinin damcılı suvarma sistemi ilə təchiz olunmuş 20 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 16100 ədəd ağac tingi əkilib.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əməkdaşlarının, dövlət və özəl qurumların, həmçinin digər tərəfdaş təşkilatların nümayəndələrinin və könüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyalarında Eldar şamı, həmişəyaşıl sərv, zeytun və digər növlərə aid ağac tingləri əkilib.
Qeyd edək ki, yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.