Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin “China Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən “SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər” adlı sessiyada bildirib.

Xatırladaq ki, noyabrın 14-də “SOCAR Green” və “China Energy Overseas Investment Co. Ltd.” şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə dair müqavilə imzalayıb. Həmçinin “China Energy” və “China Datang Co. Ltd.” şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.

Ə.İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda BP ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” günəş elektrik stansiyasının tikintisinə başlayıb.

“Bu layihə Xəzər regionunda ən böyük neft-qaz terminalının – Səngəçal terminalının karbonsuzlaşdırılması yolunda mühüm addım olacaq. Bu, karbon izini azaltmaq üzrə səylərimizin birinci mərhələsidir. İkinci mərhələ dəniz obyektlərinin karbonsuzlaşdırılmasına yönəldiləcək”, – o deyib.

Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan “Abu Dhabi National Oil Company” (ADNOC) ilə də əməkdaşlığa başlayıb.

Ə.İsayev vurğulayıb ki, Azərbaycan geotermal energetikanın inkişafı üçün ciddi potensiala malikdir. Bununla əlaqədar noyabrın 14-də SOCAR “Baker Hughes” şirkəti ilə geotermal mənbələrin işlənməsinə dair müqavilə imzalayıb: “Geotermal quyuları qazarkən biz elektrik enerjisi istehsalı üçün əlverişli olan, temperaturu 120 dərəcədən yuxarı olan su tapa bilərik. Temperatur aşağı olarsa, resurslardan istilik üçün istifadə edilə bilər. Biz bu yola yeni başlamışıq və imkanları qiymətləndirmək üçün bir il ərzində araşdırmalar aparacağıq”.

SOCAR-ın vitse-prezidenti həmçinin 2026-cı ilə qədər Bakı Neft Emalı Zavodunda səmt qazının məşəldə yandırılmasını dayandırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, COP29-da “Baker Hughes” ilə hüquqi öhdəliyə dair müqavilə imzalanıb.

“Neft emalı zavodumuzda səmt qazının məşəldə yandırılmasının aradan qaldırılması mühüm nailiyyət və yaxşı başlanğıc olacaq”, – Ə.İsayev qeyd edib.

Onun sözlərinə görə, SOCAR Azərbaycandan kənarda da bərpa olunan enerji sahəsində layihələr həyata keçirir.

“2017-ci ildə “SOCAR Türkiye” 55 MVt gücündə quruda külək elektrik stansiyasını istismara verib. Gürcüstan, Rumıniya və İsveçrədə isə şirkət enerji təchizatında ənənəvi mənbələrdən günəş enerjisinə keçir. Hətta İsveçrədə, kiçik də olsa, ilk hidrogen layihəsinə başlamışıq. Biz yeni tərəfdaşlıqlara hazır olmaq üçün öyrənməyə və inkişaf etməyə davam edirik”, – Ə.İsayev vurğulayıb.

Əvvəlki məqaləCOP29-da sənaye dekarbonizasiyası üçün tərəfdaş axtrışı üzrə qlobal platforma istifadəyə verilib
Növbəti məqalədəAzərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib