Su anbarları

Son vaxtlar intensiv yağan yağışlar nəticəsində çaylarda sululuq artmışdır. Bu, ölkə ərazisindəki bütün çaylarda, əsasən dağ çaylarında, o cümlədən Kür və Araz çaylarında müşahidə edildi. Bu gündən artıq çaylarda suyun səviyyəsində azalma müşahidə edilir.

Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev bildirib.

Onun sözlərinə görə, çaylardan gələn sel sularının tənzimlənməsi və zərərsiz ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ilin əvvəlindən müvafiq tədbirlər görülüb. Belə ki, çay məcrasında yerləşən su anbarlarında müəyyən səviyyə saxlanılıb ki, bu da sel sularının tənzimlənməsinə və zərərsiz ötürülməsinə imkan verib: “Məsələn, Mingəçevir su anbarı keçən il normal səviyyəyə qədər doldurulsa da, bu ilin əvvəlindən Kür çayına buraxılan suyun həcmi artırıldı ki, su anbarında səviyyə aşağı düşsün və yaz aylarında gələn sel sularının tənzimlənməsinə və zərərsiz ötürülməsinə şərait yaransın. Ümumiyyətlə, havanın yağmurlu keçməsi nəticəsində su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb.

Hazırda su anbarlarında 18,7 milyard kubmetr su ehtiyatı var ki, bu da keçənilki dövrlə müqayisədə 1,5 milyard kubmetr çoxdur”.

Sarvan Ağayev qeyd edib ki, su anbarlarında kifayət qədər su ehtiyatı olduğu üçün yay aylarında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında çətinlik gözlənilmir.

Əvvəlki məqalə“Azərkosmos” və “STAR.VISION” Xəzər dənizində iqlim dəyişikliyinin təsirini araşdıran birgə tədqiqat layihəsinə start verib