Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə kampaniyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti və “Kolin İnşaat Turizm Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə təşkil olunan aksiya çərçivəsində ümumi sahəsi 5 hektar olan ərazidə meşə örtüyünün salınması nəzərdə tutulur.
Ağacəkmə aksiyasında 100-ə yaxın əməkdaş və 30 nəfər ictimai işçi iştirak edib. Ümumilikdə ərazidə 3125 ədəd Eldar şamı və zeytun ağacının əkilməsi planlaşdırılır.
Əvvəlcə ərazi daş və alaqlardan təmizlənib, ağacların əkilməsi üçün yerlər qazılaraq hazır vəziyyətə gətirilib, innovativ üsulla damcılı suvarma sistemi çəkilib. Əkiləcək ağaclara sonradan aqrotexniki qulluq göstərilməsi üçün əraziyə ictimai işçilərin təhkim edilməsi nəzərdə tutulub.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Liderin təbiətə və yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunmasına dəstək göstərilməsidir.
Ağacların əkilməsi və onlara qulluq göstərilməsi üçün haqqı ödənilən ictimai işlər çərçivəsində işsiz və işaxtaran şəxslərin layihəyə cəlb edilməsi planlaşdırılır ki, bu da öz növbəsində aztəminatlı şəxslərin məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradacaq.