Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 6 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, araşdırmalar zamanı Qusar rayonunun Kirig kəndində, Qəbələ rayonunun Bum bələdiyyəsinə məxsus torpaq sahəsində, Mingəçevir şəhərinin H.Hüseynov, Sumqayıt şəhərinin Məmməd Araz küçələrində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Bakı şəhəri, Binəqədi rayonu Görədil kəndində meşə fonduna daxil olmayan, ümumilikdə 92 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 26 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.