Dağ ekosistemləri də çirklənmə təhlükəsi altındadır
Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür. Bu təqvim günü BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq hər il qeyd olunur.
Bu il Beynəlxalq Dağlar Günü “Dağ ekosistemlərinin bərpası” devizi altında keçirilir.
Dağlar Gününün keçirilməsində məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır. BMT Baş Assambleyası dünya ictimaiyyətini planetin dağlıq rayonlarının inkişaf problemlərinə və onların əhalisinə yardım göstərilməsinin zəruriliyinə diqqəti cəlb etmək üçün bu gündə bütün səviyyələrdə tədbirlər təşkil etməyə çağırır. Həmçinin dağlıq rayonların davamlı inkişafına yönəlmiş tədbirlərin xüsusi aktuallığı diqqətə çatdırılır.
Dağlar dünya əhalisinin 15 faizinə ev sahibliyi edir
Dağlar dünyanın quru səthinin təxminən dörddə birini əhatə edir, dünyamızın davamlı iqtisadi inkişafa doğru hərəkətində mühüm rol oynayır. Dünyada mövcud olan dağlar, dünya əhalisinin 15 faizinə ev sahibliyi edir və bəşəriyyətin gündəlik həyat üçün şirin su, enerji və dərman vasitələri ilə təmin edilməsində xüsusi rol oynayır.
Dağlar dağlıq bölgələrdə yaşayan 1,1 milyarda yaxın insanın dolanışıq və rifah mənbəyi olmaqla yanaşı, dağətəyi ərazilərdə yaşayan milyardlarla insana dolayı yolla fayda gətirir. Təbii ki, dağların bir çox nadir bitki və heyvan növləri üçün qoruq, Yer kürəsinin bütün əsas çayları üçün su mənbəyi olduğunu unutmaq olmaz.
Dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir
Dağlar dünya şirin suyunun əksəriyyətinin mənbəyi, unikal biomüxtəlifliyə və zəngin mədəni irsə ev sahibliyi edən, istirahət və turizm üçün məşhur məkan kimi qlobal əhəmiyyət kəsb edən kövrək ekosistemlərdir.
Yeri gəlmişkən, dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir. Bununla belə, turizm COVID-19 pandemiyasının ən çox ziyan vurduğu sektorlardan biridir. Pandemiya ilə əlaqədar turizm məhdudiyyətləri dağ icmalarının həssaslığını daha da gücləndirdi. Həmin böhran dağ turizmini və onun təbii ehtiyatlara və yaşayış vasitələrinə təsirini yenidən nəzərdən keçirmək, onu daha yaxşı idarə etmək və ondan daha dayanıqlı, yaşıl və əhatəli gələcək üçün istifadə etmək imkanı verir.
Azərbaycan ərazisində 80-ə yaxın dağ var
Azərbaycanda relyefin iki əsas forması var: dağlar və düzənliklər. Ən böyük geomorfoloji vahidlər olan Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları Kür-Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Dağəmələgəlmə zəiflədiyinə görə, Azərbaycanda dağlar cənub-şərqə doğru tədricən alçalır.
Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur.
Böyük Qafqaz dağ sisteminin ən yüksək nöqtəsi Bazardüzü (4466 metr), Kiçik Qafqaz dağ sisteminin ən hündür nöqtəsi Qapıcıq dağı (3906 metr), Talış dağ sisteminin ən hündür nöqtəsi isə Gömürgöydür (2493 metr).
Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir.
Mikroplastiklərə hətta Everestin zirvəsində də rast gəlinir
Ətraf mühitin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə, dağlıq rayonlarda siyasi vəziyyətin gərginləşməsi isə lokal müharibələrə, terrorizmin yayılmasına, qaçqınların sayının artmasına, aclıq və xəstəliklərin yaranmasına səbəb olur. Dağ ekosistemləri də çirklənmə təhlükəsi altındadır. Mikroplastiklərə hətta Everestin zirvəsində də rast gəlinir. Dağların iqlim dəyişikliyi, eləcə də istismar və çirklənmə təhlükəsi altında olması insanlar və planet üçün riskləri artırır. Qlobal iqlim dəyişikliyi davam etdikcə dağ buzlaqları əriyərək aşağı axarda şirin su ehtiyatlarına təsir edir. Eroziya və çirklənmə aşağı axınla axan suyun keyfiyyətinə və torpağın məhsuldarlığına xələl gətirir. Bütün bunlar dağlıq rayonların unikal təbiət və insan potensialının itirilməsinə gətirib çıxarır. Ona görə də dağları qorumaq üçün dünya ictimaiyyətinin diqqətini bu problemlərə cəlb etmək çox vacibdir. Həmin problem hamımıza təsir edir. Biz mənfi vərdişlərimizin ətraf mühitə təsirini bilməli, karbon izimizi azaltmalı və təbii sərvətlərin qayğısına qalmalıyıq.