ABŞ-dən olan ekofəallar Ermənistanın Cənubi Qafqazda ətraf mühitə vurduğu ciddi ziyandan narahat olduqlarını bildiriblər.
“Report” xəbər verir ki, regionda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün çıxış edən fəallardan biri amerikalı ekofəal, Miçiqan Universitetinin tələbəsi Mett Qarnett olub.
Onun sözlərinə görə, Qarabağın qanunsuz işğalı zamanı Ermənistan çayları çirkləndirib: “Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı təhlükə də var. Ətraf mühit fəalları və ekspertlər bunun dünyanın ən təhlükəli elektrik stansiyalarından biri ola biləcəyinə diqqət çəkiblər. Bu gün Ermənistan bu atom elektrik stansiyasını bağlamaqdan imtina edir”.
Amerikalı ekofəal, həmçinin Ermənistan hökumətini və ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən özəl şirkətləri ətraf ölkələrin ixtisaslaşmış QHT-ləri də daxil olmaqla ətraf mühit və səhiyyə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə bütün obyektlərin qapılarını açmağa, obyektləri yoxlamağa, qiymətləndirməyə və monitorinq etməyə, müvafiq addımlar atmağa, nümunələr toplamağa çağırıb.
M.Qarnet vurğulayıb ki, Ermənistan təkcə Cənubi Qafqazda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün deyil, həm də insanların təmiz, sağlam, dayanıqlı ətraf mühit hüququnu tanıyan beynəlxalq insan hüquqları konvensiyalarına əməl etmək üçün ətraf mühiti qorumalıdır.
ABŞ-dən olan vətəndaş fəalı, Vaşinqton və Li Universitetinin Hüquq Məktəbinin əməkdaşı Məryəm Daneş də Ermənistanın Cənubi Qafqazın ekosistemini çirkləndirmək üçün əhəmiyyətli radioaktiv və zəhərli riski olan dağ-mədən fəaliyyətindən narahatlığını ifadə edib: “Qeyri-qanuni qızıl hasilatı su mənbələrinə zərərli təsir göstərir. Bundan əlavə, bu təcrübə uzun illər Qafqaz dağlarına ciddi ziyan vurmuş və bu bölgənin sakinlərinə mənfi təsir göstərmişdir”.