“Yarat – tullantını azalt” devizi ilə əl işləri sərgisi

İyulun 13-də Abşeron Milli Parkında “Yarat – tullantını azalt” devizi ilə tullantılardan hazırlanmış əl işlərinin sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ətraf mühitin tullantı yükünün azaldılmasına, təkrar emalın təşviqinə hədəflənən sərgidə tullantılardan sənət əsərlərinə çevrilən eksponatlar təkrar istifadənin nümunəsi olaraq təqdim edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, “EkoSfera” Sosial Ekoloji Mərkəzin və “Forest school Azerbaijan”ın dəstəyi ilə keçirilən tədbirdə, eyni zamanda, tullantılardan müxtəlif əşyalar hazırlanaraq nümayiş olunub.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov xüsusi mühafizə olunan təbiət ərazisini ziyarət edən diplomatik korpus nümayəndələrinə milli parkın yaradılması səbəbləri, onun fauna və flora aləmi barədə məlumat verib, ekoturizm marşrutları ilə tanış edib. Qonaqlar, həmçinin milli park ərazisində təşkil olunan sərgi ilə tanış olub, paratrayk uçuşunu izləyiblər.

“Forest school Azerbaijan”ın nümayəndəsi Əsmət Eminova təmsil etdiyi müəssisənin iştirakçılarının öz əl işləri ilə tullantıların yenidən həyata qaytarılması, onların təxəyyülünə uyğun təkrar istifadə edilə bilinməsi yollarını göstərdiklərini qeyd edib: “İştirakçılar istifadə olunmuş disklərdən, plastik tullantılardan fərqli əşyalar düzəltdilər. Onlar ətraf mühitin mühafizəsini təşviq edən yaradıcı fikirlərini öz əl işlərində tətbiq etdilər. Ümumiyyətlə, “Forest school Azerbaijan” tədris prosesində uşaqların təbiətlə təmasına üstünlük verir. Uşaqlar təbiətin qoynunda əylənərək onu sevməyi, qorumağı öyrənirlər. Bugünkü tədbir zamanı da onlar milli parkın ərazisində həm əyləndilər, həm də əl işləri ilə cəmiyyətə bir çağırış etdilər”.

Əvvəlki məqaləXəzər rayonunun Zirə qəsəbəsində 1,5 hektar ərazi tullantılardan təmizlənib
Növbəti məqalədəAzərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma təsdiqlənib