Xəbər verdiyimiz kimi, sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2 400-dək QHT-ni sıralarında birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association – AHOA) ötən gün (martın 8-də) COP29-la bağlı Azərbaycana dəstək bəyanatı verib. AHOA-nın rəhbəri Uzodinma Adiriecenin imzaladığı bəyanata bu quruma üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də qoşulub.
Uzodinma Adiriece iqlim dəyişmələri ilə bağlı Azərbaycanın qlobal fəaliyyətdə fədakarlığına və liderliyinə AHOA-nın dəstəyinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
– Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə və digər məsələlərdə beynəlxalq əməkdaşlığa böyük önəm verir. COP29-un Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq ictimaiyyətin ölkəmizin bu məsələlərdəki mövqeyinə verilən böyük dəstəyi göstərir. AHOA da öz bəyanatı ilə Azərbaycana dəstəyini ifadə etdi. Bu barədə fikrinizi öyrənmək istərdik.
– Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının dəstək mesajı çox uyğun və vaxtında atılmış bir addımdır. AHOA-da təmsil olunan qlobal vətəndaş cəmiyyətinin Azərbaycanın COP29 prosesinin planlaşdırılmış mərhələlərinə kifayət qədər erkən qoşulması çox əhəmiyyətlidir.
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə AHOA rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik.
Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal miqyasda nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları – əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq baxımından cəsarətli və qətiyyətli addımların atılmasının tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29 prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə vurğulayır.
Azərbaycanın zəngin mədəni irsi və təbii imkanları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsinin fəal müdafiəçisi olduğuna inanırıq. “Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır.
– Azərbaycanda keçiriləcək COP29-dan gözləntiləriniz nələrdir?
– Mən COP29-un indiyə qədər keçirilən ən yaxşı və ən məhsuldar COP tədbiri, Dubayda təşkil edilmiş COP28-dən sonra daha uğurlu bir tədbir olacağını gözləyirəm.
COP29-un adaptasiya və yumşaldılma tədbirlərindən daha irəli gedərək iqlim dəyişikliyi böhranının səbəbləri və qarşısının alınması yollarının öyrənilməsinə mühüm töhfə verəcəyinə inanıram. Çünki sənayeləşmiş dünyada kimyəvi tullantılar və çirklənmə hər gün inkişaf etməkdə olan ölkələrdə ciddi iqlim böhranına səbəb olur ki, bu da öz növbəsində sağlamlıq və ətraf mühitə ziyan vurur.
– Necə düşünürsünüz, COP29-da əsasən hansı məsələlər, xüsusən də səhiyyə sahəsi ilə bağlı hansı istiqamətlər prioritet təşkil etməlidir?
– COP29 digər məsələlərlə yanaşı, kimyəvi çirklənmə, sənaye və hərbi tullantıların yaratdığı iqlim problemlərinə son qoymağı prioritet kimi müəyyən etməli, bu tullantıları və çirklənmələri yaradan qurumlardan sağlamlıq və insan həyatına təsirlərini idarə etmək imkanları çox az olan digər ölkələrə ixrac etmədən onları öz ətraf mühitlərində tənzimləmək üçün tam məsuliyyət daşımağı tələb etməlidir. Bilirik ki, sənaye və hərbi tullantıların toplandığı ərazilərin, sənaye və ya kənd təsərrüfatı sahələrinin yaxınlığında yaşayan yerli icmalar zərərli kimyəvi maddələrdən və pestisidlərdən zəhərlənməyə məruz qala bilər ki, bu da insanlarda tənəffüs problemləri, nevroloji pozğunluqlar və reproduktiv problemlər kimi sağlamlıq üçün mənfi təsirlərə səbəb ola bilər. Heyvanlar da çirklənmiş su mənbələri və ya yem vasitəsilə kimyəvi maddələrdən zəhərlənməyə məruz qala bilər. Kimyəvi çirklənmə də havanın, suyun, torpağın və qidanın çirklənməsi vasitəsilə sağlamlığa zərər vura bilir, bu da öz növbəsində xəstəliklərə və ekoloji ziyana səbəb olur.
Kimyəvi çirklənmə həm də insan sağlamlığı və ətraf mühit üçün əhəmiyyətli risklər yaradır. Bu, iqlim dəyişikliyi ilə səmərəli mübarizə tədbirlərinin bir hissəsi kimi çirklənməyə qarşı mübarizədə tənzimləyici tədbirlərin həyata keçirilməsini, dayanıqlı təcrübələrin təşviq edilməsini və ictimai sağlamlıq və ətraf mühitin mühafizəsinə üstünlük verən siyasətin təbliğini şərtləndirir.
– Ümumiyyətlə, COP29-un keçirildiyi 2024-cü ildə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri olaraq təmsil etdiyiniz qitənin hansı ətraf mühit və iqlim dəyişikliyi problemləri ilə bağlı dünyaya çağırış etmək istərdiniz?
– Biz bilirik ki, iqlim dəyişikliyi suyun, torpağın və havanın ekoloji çirklənməsini daha da sürətləndirir. Temperaturun artması və yağıntıların dəyişkənliyi çirklənmə səviyyəsinin yayılmasına birbaşa təsir göstərir. İqlim dəyişikliyi ilə atmosferdəki bir sıra qazların səviyyə balansı pozulur və çoxlu zəhərli qazlar əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsini artırır. İqlim dəyişikliyinin mənfi təsirləri ozon qatının məhvinə, havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində insan sağlamlığına və ətraf mühitin ekosisteminə, bioloji müxtəlifliyə mənfi təsir göstərir.
İqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının qarşısını almaq üçün bərpaolunan enerjiyə universal çıxışın təşviq olunması böyük əhəmiyyət kəsb edir. Fərdləri, icmaları, biznes dairələrini və hökumətləri hərəkətə keçməyə cəlb etmək və onlara səlahiyyət vermək üçün iqlim dəyişikliyi, onun təsirləri və həlli yolları haqqında məlumatlılığı artırmaq və maarifləndirməni təşviq etmək məqsədilə hamı səfərbər olmalıdır. COP29 güclü resurslara malik təbliğat işləri, təhsil və təlim kampaniyaları və potensialın gücləndirilməsi təşəbbüsləri vasitəsilə dayanıqlılıq, ətraf mühitə nəzarət və iqlimə davamlılıq üzrə qlobal mədəniyyəti inkişaf etdirməyə çalışmalıdır. Bütün inkişaf layihələrindən əvvəl bir şərt kimi Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi aparılmalıdır.
x x x
Afrika Səhiyyə Təşkilatları Assosiasiyası səhiyyə və davamlı inkişaf sahəsində ixtisaslaşmış qlobal vətəndaş cəmiyyəti şəbəkəsi və beyin mərkəzidir. 106 ölkədən 2400 üzvü olan və zəngin təcrübəyə, resurslara, əhatə dairəsinə malik, eləcə də 40 min üzvdən ibarət “Google Qrupu”nda ekspertlərin və maraqlı tərəflərin töhfəsi ilə AHOA üçüncü sektorun qlobal oyunçusuna, tərəfdaşına, layihə/proqram tərtibçisinə, icraçısına, monitorinqçisinə çevrilməyi bacarıb.
AHOA BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) və UNEP/UNEA-da isə akkreditə olunmuş müşahidəçi statusuna malikdir.