Alimlər hesab edirlər ki, Baltik dənizinin istiləşməsi qlobal okean, həmçinin Avropanın şimal ərazisi üçün həyəcan siqnalıdır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baltik dənizinin okeanların istiləşməsi üçün “qırmızı bayraq” rolunu oynadığını qeyd edən iqlimşünaslara görə, dünyanın digər sahilyanı dəniz zonalarında da karbon qazı emissiyası nəticəsində analoji tendensiya davam edir.
Helsinki Universitetinin professoru Alf Norkko bildirib ki, hazırda dünya sürətli iqlim dəyişikliyi astanasındadır. O əlavə edib ki, Danimarkanın düz yolları ilə Atlantik okeanına bağlanan və Almaniya, Polşa, Finlandiya, İsveç və Baltikyanı ölkələrlə əhatə olunan Baltik dənizi qlobal okeandan iki dəfə sürətlə istiləşir. Onun nisbətən dayaz suları ətraf mühit və iqlim dəyişikliklərinə son dərəcə həssasdır.
Bu yaxınlarda Baltik dənizindəki ən böyük dəniz tədqiqat stansiyasına rəhbərlik edən Norkko və onun bəzi həmkarları Finlandiyanın sahilyanı Hanko şəhərində tədqiqat aparıblar; minlərlə ada ilə əhatə olunmuş Finlandiyanın 1100 kilometrlik sahil zolağı boyunca ümumi mənzərəni tamamlayan ərazisində ölçmələr göstərir ki, son 30 ildə Baltik dənizinin orta temperaturu 2 dərəcə Selsi artıb. Tədqiqatçı Norman Qobeler bildirib ki, Baltik dənizi qlobal okeanla müqayisədə kiçik vannadır və burada iqlim dəyişikliyinin sürətlənməsinin ilk təsirləri üzə çıxır.
Sahil ekoloqu Marqaret Uilyamson əraziyə səfəri zamanı yaşıl qamış bataqlığında tədqiqat aparıb. Helsinki və Stokholm universitetlərinin birgə hazırladığı tədqiqat layihəsi çərçivəsində reallaşdırılan araşdırma göstərib ki, Yer kürəsinin şimal hissəsi qlobal istiləşmənin təsirinə daha çox məruz qalır. Bu isə o deməkdir ki, Skandinaviya ölkələrini yaxın gələcəkdə isti hava dalğaları bürüyə bilər.
Alimlər qeyd edirlər ki, dünyanın bir çox sahilyanı əraziləri, mərcan rifləri və manqrov meşələri planetimizdə ən zəngin biomüxtəlifliyin olduğu bölgələridir. Onlar, həmçinin Baltikyanı ölkələrdə müşahidə olunan dəyişikliklərə ən həssasdırlar.
Ekoloqlar bildirirlər ki, okeanlar indiyədək qlobal istiləşmə ilə mübarizədə bəşəriyyətin ən vacib təbii müttəfiqi olub. Onlar onilliklər ərzində davamlı olaraq insanın səbəb olduğu iqlim dəyişikliyi nəticəsində yaranan istiliyin 90 faizini mənimsəyib və bəşəriyyətin atmosferə buraxdığı karbon qazının dörddəbirini udub.
Norkko qeyd edib ki, alimlər meşələrinin karbon udması roluna çox diqqət yetiriblər, amma sahillərə və okeanlara məhəl qoyulmayıb. Onun sözlərinə görə, dəniz və okeanların qlobal istiləşməyə təsiri ilə bağlı daha geniş tədqiqatlar aparılmalıdır.