buz

600 metr uzunluğundakı buz parçasından əldə edilən dəlillər göstərir ki, Antarktika buzları tez bir zamanda əriyə bilər.

AZƏRTAC “CNN” telekanalına istinadla xəbər verir ki, tədqiqat müəlliflərinin fikrincə, bu araşdırma Antarktikanın istənilən yerində buzun sürətlə yoxa çıxmasını göstərən ilk birbaşa sübutdur.

Böyük Britaniyanın Kembric Universitetinin buzlaqşünası və tədqiqat müəllifi Erik Volff bildirib ki, elm adamları Buz dövründəki buz təbəqəsinin indikindən daha böyük olduğunu bilsələr də, bu kiçilmənin tam olaraq nə zaman baş verdiyi barədə çox az şey məlumdur.

O bildirib ki, biz buzun hansı zaman müddətində əridiyini dəqiq deyə bilirdik, artıq bu araşdırma nəticəsində onun hansı sürətlə geri çəkildiyini də deyə bilirik. Bu, qlobal dəniz səviyyəsinin qalxması üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Kolorado Boulder Universitetinin qlasioloqu Ted Skambos bildirib ki, tədqiqat Antarktika buz örtüyünün əsas hissəsi haqqında məlumat verən “əla detektiv əsərdir”.

Buz topluları Yer atmosferinin tarixi arxividir. Qarın yağması nəticəsində əmələ gələn və minlərlə il ərzində sıxlaşan buz təbəqələrinin tərkibində qədim hava qabarcıqları var. Böyük Britaniyada elm adamları keçmişdə temperatur haqqında məlumat verən buz nüvəsinin su izotoplarını, həmçinin buzda sıxılmış hava qabarcıqlarının təzyiqini ölçüblər.

Qərbi Antarktika Buz təbəqəsi iqlim dəyişikliyinə xüsusilə həssasdır, çünki onun altındakı torpaq dəniz səviyyəsindən aşağıdadır.

Məqalədə qeyd olunub ki, tədqiqat elm adamlarının Yerin ən təcrid olunmuş qitəsində baş verənlərlə bağlı həyəcan təbili çalmağa davam etdiyi bir vaxta təsadüf edir. Məsələn, Qərbi Antarktikada olan “Thwaites” buzlağı sürətlə əriyir.

Əvvəlki məqaləSon 3 gündə respublika ərazisində 15 mindən artıq ağac əkilib
Növbəti məqalədəGürcüstanın bəzi ərazilərində torpaq sürüşməsi gözlənilir