Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) sahibkarlıq subyektlərinin əməkdaşları üçün keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlim Bakı və Sumqayıt şəhərlərindəki keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə institutun Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov COP29 tədbiri ilə bağlı həyata keçirilən işlər barədə ətraflı məlumat verib, təlimlərin əhəmiyyətinə toxunub. Tədbirdə qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsinin zəruriliyi vurğulanıb.
İnstitutun Təlim mərkəzi şöbəsinin müdiri Vüsal Əmirxanov iştirakçıları “Qida təhlükəsizliyi haqqında” Qanun və ondan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırıb. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların fikirləri dinlənilib və onların sualları cavablandırılıb.