Rabatda Azərbaycanın İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi Nazim Səmədovla ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında görüş keçirilib.
Mərakeşdəki səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın gündəliyində olan məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu kontekstdə, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası məqsədilə təşkilatla əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bununla yanaşı, cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) növbəti toplantısına ICESCO-nun töhfə verə biləcəyi mümkün istiqamətlərə də nəzər salınıb.
ICESCO rəhbəri ölkəmizlə təşkilat arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığı alqışlayıb.
Görüş zamanı, həmçinin ICESCO-nun da əsas tərəfdaşlarından biri olduğu, cari ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili ilə bağlı birgə əməkdaşlığın intensivləşdirilməsi zəruriliyinə istinad edilib. Bundan əlavə, təşkilatın ölkəmizin işğaldan azad edilmiş ərazilərinə gözlənilən növbəti missiyasına dair fikir mübadiləsi də aparılıb.