Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
“Report”un məlumatına görə, COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli də vurğulayıb ki, Azərbaycan gəncləri də yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycandan bir qrup QHT Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir. Bu günlərdə ilk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.