Noyabrın 30-da Dubayda açılışı olacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28)
Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Tədbirə 100-dən çox dövlət və hökumət başçısı, həmçinin 100 000-ə yaxın nümayəndənin qatılacağı gözlənilir. COP28 Ermənistanın işğal zamanı ölkəmizin ərazilərində həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan da olduqca əhəmiyyətlidir.
Bunu AZƏRTAC-a müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O, mövzu ilə əlaqədar fikirlərini belə ifadə edib: “Azərbaycanın bu qədər genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində uğurlarının dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Qeyd edək ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq tədbirlərə qoşulub. Ölkəmizin bərpaolunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq Konvensiyanın Əlavə 1-ə daxil olmayan ölkə kimi, Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub”.
“Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı sayıla bilər. Ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizin günəşli və küləkli iqlimə malik olması yaşıl enerji zonalarının yaradılmasına imkan yaradır. Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığı sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionlarında ən böyük günəş elektrik stansiyasıdır.
Azərbaycan Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarında yaşıl enerji zonalarının yaradılmasını hədəfləyib. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”,- deyə İctimai Birliyin sədri bildirib.
E. Cəfərov daha sonra deyib: “2021-ci il mayın 18-də Ağdam ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bəyan edib ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycan, həmçinin Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal işləyir. Bu barədə dövlət başçısı bu il oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildirib. “Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı 2050-ci ilə qədər istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faizə qədər azaldılmasını şərtli hədəf kimi elan etmiş və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər karbon neytrallığı zonası yaratmaq təşəbbüsü ilə çıxış etmişdir. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır.
Noyabrın 30-dan dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edəcək.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.