“İlbəil ovçuluq fəaliyyəti ilə bağlı azalma var”.
“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, buna səbəb cəmiyyətin müxtəlif sahələrə maraq göstərməsidir:
“Bugünkü statistikamız göstərir ki, ov üçün icazə alanlar və ovçuluq qaydalarını pozanlar da orta və yaşlı nəslə aid şəxslərdir. Əvvəlki illərdə isə bu statistikada gənclərin sayı daha çox idi”.
H.Əlizadə, həmçinin bildirib ki, bu sahədə qanun pozuntularının sayı da əvvəlki illərlə müqayisədə azalıb: “5 il əvvəllə müqayisədə bu gün qanun pozuntularının sayı 2 dəfə azalıb. Hətta baxmayaraq ki, il bitməyib, 2021 və 2023-cü illəri müqayisə etsək, bu məsələdə 30-40 faiz arası azalma var”.
Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev isə qeyd edib ki, bir neçə il öncə ovçuluq sahəsindəki qayda-qanunlar daha da ciddiləşib:
“Düşünürəm ki, bunun da təsiri var. Həmçinin, ekoturizm sahəsinin inkişafı bu sahəyə diqqəti nisbətən azaldıb”.