Azərbaycanda təbii mənbələrdən ildə 12,78 milyard kubmetr su əldə olunur ki, bunun da 3,63 milyard kubmetri suyun nəqli və paylanması zamanı itkiyə gedir.
“Report” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Məlumata görə, ölkə üzrə illik şirin su istehlakı təqribən 9,15 milyard kubmetr təşkil edir ki, bunun da 72,5 %-i kənd təsərrüfatında, 3,2 %-i məişət ehtiyacları üçün və 24,3 %-i sənaye ehtiyacları (əsasən enerji və istilik elektrik stansiyalarının soyudulması) üçün istifadə olunur.
Adambaşına düşən illik suyun həcminə əsasən (adambaşına 1 000 kubmetr ) Azərbaycan su problemi yaşayan ölkələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23 %-dən çox azalacağı ehtimal edilir. Ölkədə əldə olunan suyun ildə təqribən 6 %-i və ya 744 milyon kubmetri Abşeron yarımadasında istehlak olunur. Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur.