Ölkənin vahid ətraf mühit, sosial və idarəetmə (ESG – Environmental, Social and Governance) platforması hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu “PwC Azerbaijan” şirkətinin nümayəndəsi Leyla Sadıxova Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, COP29-a qədər açıqlanacaq: “Vahid platformanın əsas məqsədi vahid bir habın, yəni vahid şəbəkənin yaradılmasıdır. Bu, media qurumlarının, investorların, şirkətlərin, maraqlı şəxslərin, əsas tərəflərin platformaya daxil olmaqla vahid bir məkanda birləşməsi və bir-biri ilə əlaqə qurmaları üçün şərait yaradacaq”.
O qeyd edib ki, ESG standartlarının hazırlanması prosesi gedir: “Hazırda həmin standartlar təklif olunma mərhələsindədir və təsdiqlənəndən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.