Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbir “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, Mühəndis sistemləri və qurğularının tikintisi, Ekologiya, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, Meliorasiya və su təsərrüfatı tikintisi kafedraları tərəfindən birgə təşkil olunub.
Tədbirdə Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov qeyd edib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi böyük uğurdur. Noyabr ayında keçirilməsi nəzərdə tutulan tədbirə hazırlıq məqsədilə artıq ölkəmizdə silsilə tədbirlər keçirilir. Professor COP29-la bağlı xüsusi qrupun da yaradıldığını, həmin qrupa universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayevin rəhbərlik etdiyini bildirib.
“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Hidroloji tədqiqatlar şöbəsinin mühəndisi Ceyhunə Məmmədova layihə idarəetməsinin əsaslarına dair məruzə edib. İnstitutun Su təchizatı, kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadənin “Tullantı suları və onların çöküntü riskinin idarə olunması”, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Məhəmməd Hümbətovun “Sənaye çirkab sularının flüordan və asılqan hissəciklərdən təmizlənməsi üsulları” mövzularında məruzələri dinlənilib.
Sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda Meliorasiya Elmi Tədqiqat İnstitutunun doktorantı Fuad Cavadzadənin “İstehsalat mühəndisləri üçün sorğu kitabı”nın təqdimatı keçirilib. Qeyd edilib ki, kitab mexanika, energetika və avtomatika sahələri ilə əlaqədar layihə, istismar və keyfiyyətə nəzarətə dair məsələləri əhatə etməklə yanaşı, enerjinin optimallaşdırılması üzrə xüsusi bir bölməni də özündə ehtiva edir və istehsalatda işləməyə hazırlaşan gənc mütəxəssislərə bilik və bacarıqlarını bu istiqamətlərdə təkmilləşdirməyə imkan yaradır.