Bakıda COP29 sədrliyinin iqlim şəffaflığı təşəbbüsləri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Ümumdünya Meteorologiya Təşkilatının (WMO) və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) birgə təşkilatçılığı ilə “IPCC inventar proqramı və bu proqramın UNFCCC hesabatlılıq mexanizmi ilə bağlılığı” mövzusunda təlim seminarı keçirilir.
AZƏRTAC xəbər verir ki, təlim seminarının məqsədi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması üçün UNFCCC tərəfindən təqdim edilən hesabatlılıq mexanizminin tətbiqi və istixana qazı emissiyalarının hesablanması üçün IPCC-nin yeni proqram təminatı ilə əlaqədar yerli və xarici mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirin açılışında çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim sahəsində şəffaflığın təmin olunması, istixana qazı emissiyalarının inventarlaşdırılması sahəsində bacarıqların artırılmasının iqlim dəyişmələrii ilə mübarizədə vacibliyini vurğulayıb.
Üç gün davam edəcək təlim seminarında Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, 100-dən çox ölkədən müvafiq sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edirlər.