Aprelin 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu, Yelo Bank, “Aqualink” MMC-nin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 200-dən çox gəncin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinə dəstək olmaq məqsədilə “Youth Water Innovation Forum-2024” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun rəsmi açılış mərasimində “Yelo Bank” ASC-nin işə qəbul və kadr planlaması şöbəsinin meneceri Aygün Məhərrəmova-Kazımova günümüzün ən aktual mövzularına həsr olunan konfransın belə forumların gənclərin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov çıxışında ekologiyayönümlü tədbirlərin daim keçirilməsini vurğulayıb. Prezident İlham Əliyevin Sərəncamına, əsasən, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olduğunu qeyd edərək, ekologiya sahəsini dövlətimizin başçısının hər zaman diqqət mərkəzində saxladığını, su ehtiyatlarımızı qorumağın və gələcək nəsillərə ötürmənin vacibliyini bildirib.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb. Gənclər Fondu tərəfindən bu məsələlərdə müəyyən fəaliyyətlərin aparılması, maarifləndirmə xarakterli tədbirlərin və düşərgələrin keçirilməsi ilə bağlı məlumat verib. Eyni zamanda, su ehtiyatlarının vacibliyindən bəhs edərək ekologiyanın qorunmasının hər bir gəncin vəzifəsi olduğunu qeyd edib.
ATGTİ-nin sədri Pərviz Mirələmli forumun keçirilməsinin məqsəd və perspektivlərindən söz açıb. Belə əhəmiyyətli layihələrin təşkilinin tələbələrin təcrübə bacarıqlarının formalaşmasında mühüm rol oynamasını diqqətə çatdırıb. Yaxın günlərdə “Youth Water Innovation Forum 2024” layihəsinin Naxçıvan Muxtar Respublikasında 400-dən çox gəncin iştirakı ilə davam etdiriləcəyini qeyd edib.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifası dinlənilib.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, “Aqua Link” MMC, təhsil müəssisələrinin professorları tərəfindən “Sirab” şirkətlərinin mütəxəssisləri və COP29 üzrə İqlim elçisi Leyla Həsənovanın iştirakı ilə üç fərqli və günümüzün aktual mövzularında “İçməli və çirkab su texnologiyalarında müasir (ağıllı) və səmərəli həllərin təşviqi”, “Tullantı sularının təkrar emalı” və “Qabaqcıl texnologiyalardan və bu sahədə qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə ətraf mühitə mənfi təsirin azaldılması” adlı panel görüş keçirilib.
Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd içməli və çirkab su texnologiyalarında müasir və səmərəli həlləri təşviq etmək, su təsərrüfatı sahəsində dövlət-özəl tərəfdaşlıq əlaqələrinin gənclər tərəfindən öyrənilməsi və tətbiqi məqsədilə müzakirə platformasının yaradılması olub.