batareya

Bu il “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 606 kiloqram işlənmiş batareya toplanılıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən start verilən layihə çərçivəsində bu il ərzində 606 kiloqram batareya toplanılıb.

Bir neçə gün əvvəl isə layihə çərçivəsində “Bravo” və “Araz” marketlər şəbəkəsinin bir neçə filialından ümumilikdə 55 kiloqram işlənmiş batareya toplanaraq “Təhlükəli Tullantılar” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilib.

Nazirlik həmin prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir və hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.

Əvvəlki məqaləBu gün Ümumdünya Heyvanlar Günüdür
Növbəti məqalədəAzərbaycanda Situasiya Mərkəzi yaradılıb