Bakı Dövlət Universitetində (BDU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə seminarlara start verilir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ilk seminar fevralın 22-də keçiriləcək. İsveçin Uppsala Universitetinin Anqstrem laboratoriyasının Kimya kafedrasının professoru Fikrət Məmmədov BDU-nun əməkdaşları, doktorant və gənc tədqiqatçıları üçün “Fotosistem-2 və suyun oksidləşmə proseslərində son nailiyyətlər” mövzusunda mühazirə deyəcək.
Fikrət Məmmədov 1994-cü ildə AMEA-nın Botanika İnstitutunda professor Ralfrid Həsənovun elmi rəhbərliyi ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1995-1998-ci illərdə professor Stenbjörn Styringin rəhbərliyi ilə İsveçin Lund Universitetində tədqiqatlar aparıb. 2002-ci ildə Lund Universitetinin Biokimya kafedrasının dosenti vəzifəsinə təyin edilib, 2008-ci ildə elmlər doktoru elmi dərəcəsi alıb. 2016-cı ildən Uppsala Universitetinin professoru olan professor Fikrət Məmmədovun tədqiqatları fotosintezdə suyun oksidləşməsi, fotosintetik reaksiya mərkəzlərində elektron və proton daşınması reaksiyaları, onların tənzimlənməsi, yaşıl mikroyosunlarda fotosintetik hidrogen istehsalına yönəlib. O, tədqiqatlarında spektroskopik metodların geniş spektrindən, xüsusilə Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyasından istifadə edir. Alimin qabaqcıl elmi jurnallarda 120 məqaləsi var, Hirş indeksi 36-dır.