Tanınmış beynəlxalq ekspertlər – Ümumdünya Səhiyyə Təşkilatının Misirdəki keçmiş nümayəndəsi Naima Əl Qasir və Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə məsləhətçisi Samir Tantavi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) yekunları və bu ilin noyabrında Bakıda təşkil olunacaq COP29-dan gözləntilərini Yaxın Şərq Xəbər Agentliyi ilə (MENA) bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Naima Əl Qasirin sözlərinə görə, BƏƏ, Azərbaycan və Braziliya – müvafiq olaraq COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələr olaraq, həmin milli planlarda iddialı məqsədlərə nail olmaq üçün “1.5 dərəcə Selsi missiyası üçün Yol Xəritəsi” üzərində birgə işləyəcəklər. O əlavə edib: “Beynəlxalq səviyyədə, Azərbaycanda 2024-cü ilin noyabrına planlaşdırılan COP29 konfransında danışıqlar əsnasında COP28 vizyonunu reallığa çevirmək üçün lazımi maliyyə vəsaitinin artırılmasına diqqət yetiriləcəyi gözlənilir. Braziliyada keçiriləcək COP30 konfransında ölkələr COP28 tərəfindən tələb olunan yaşıl enerjiyə keçidlə bağlı milli planları ilə bağlı görülən işləri təqdim edəcəklər”.
N.Əl-Qasir bildirib ki, Dubayda 123 ölkənin BƏƏ-nin “İqlim və Sağlamlıq Bəyannaməsi”ni ortaq şəkildə imzalamağa hazır olduqlarını elan etməsi əlamətdar hadisədir. Bu sənəd sektorlar arasında əməkdaşlığı gücləndirməyə, karbon qazı emissiyalarını azaltmağa və iqlimlə bağlı səhiyyə fəaliyyətləri üçün maliyyələşdirməni artırmağa yönəlib. O əlavə edib: “Biz kritik mərhələdəyik, çünki keçən il mənfi iqlim dəyişikliyinin – istər daşqınlar, istər səhralaşma, istərsə də qasırğalar nəticəsində baş verən bir sıra təbii fəlakətlərin və ölümlərin şahidi olduq. Havanın çirklənməsi nəticəsində təqribən 9 milyon insan ölür”. Ekspert vurğulayıb ki, Bakıda keçiriləcək COP29 konfransında da iqlim dəyişikliyinin səhiyyə sektoruna mənfi təsiri, bu kontekstdə yeni layihələrə investisiyaların artırılması kimi vacib məsələlər müzakirə ediləcək.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) üzvü və Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi üzrə məsləhətçisi COP28-in yekunlarını yüksək qiymətləndirib və bu il Azərbaycanda keçiriləcək COP29 konfransına böyük ümidlər bəslədiyini söyləyib. Onun sözlərinə görə, COP28 konfransının qərarlarının yerinə yetirilməsi qarşısında böyük çətinliklər var və onların icrası lazımi vəsaitin ayrılması, həmçinin hər bir ölkənin liderinin siyasi iradəsindən asılıdır. Böyük, hərtərəfli və şəffaf beynəlxalq əməkdaşlıq hesabatlarının hazırlanması da mühüm amildir və bu hesabatlar Bakı konfransından – 2024-cü ilin sonundan etibarən təqdim ediləcək. Eyni zamanda, bu il iqlim sahəsində maliyyələşdirmə, zəruri texnologiyalar, təlim və potensialın yaradılması da daxil olmaqla, icra mexanizmlərinin yaradılması istiqamətində də təsirli addımlar atılacaq.
Ekspertlər yekdil bir fikir ifadə ediblər ki, Azərbaycanda keçiriləcək COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizə sahəsində çox mühüm mərhələ olacaq.