Birləşmiş Millətlər Təşkilatının (BMT) Universiteti ilə Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutunun dərc etdiyi yeni hesabata əsasən, “riskin dönüş nöqtələri” bütün dünyada getdikcə daha ciddi problemə çevrilir.
Bizim fərq etdiyimiz sistemlər onların təyinatına uyğun işləməyi dayandırırsa, bu, təbii fəlakətlərin faciəli fəsadları riskini gücləndirir.
AZƏRTAC xəbər verir ki, “2023-cü ildə təbii fəlakətlərin qarşılıqlı əlaqəli riskləri” adlı hesabatda dünyanın bütün istiqamətlər üzrə belə dönüş nöqtələrinə sürətlə yaxınlaşdığından danışılır.
İnsan su resurslarını nizamsız hasil etməklə təbiətə və biomüxtəlifliyə ziyan vurur, Yer kürəsini və kosmosu çirkləndirir, fəlakətlərlə mübarizə imkanlarını azaldır, bununla da yeni risklər yaradır və mövcud riskləri gücləndirir. Hesabatın aparıcı müəlliflərindən biri doktor Zita Sebesvari deyib: “Riskin bu kritik dönüş nöqtələri ilə biz sanki qarşımızda görmədiyimiz uçuruma yaxınlaşırıq və oradan yıxılanda artıq biz heç nəyi geriyə qaytara bilməyəcəyik”.
Hesabatda riskin altı qarşılıqlı əlaqəli kritik nöqtəsi təhlil olunur. Bunlar bütün dünyada insanların həyatına təsir edən ən iri qlobal problemlərdir: biomüxtəlifliyin sürətlə itirilməsi və onunla bağlı ekosistemin dağıdılması, su resurslarının tükənməsinə gətirib çıxaran qrunt sularının azalması, dağ buzlaqlarının əriməsi, kosmik tullantı, dözülməz isti, artan risklər yaşayışı əlçatmaz etdiyi bir vaxtda gələcəkdə zəmanətin mümkünsüzlüyü.
Riskin dönüş nöqtələrinin başa düşülməsi ağır fəsadların qarşısının alınmasında əsaslı qərarlar vermək və qəti addımlar atmaq imkanı verir. “Biz müxtəlif sektorları birləşdirən, hərəkət edən qüvvələrin və ilkin səbəblərin sistemli şəkildə aradan qaldırılmasına yönələn həllər işləyib hazırlamalıyıq”, – deyə doktor Sebesvari izah edib.
Hesabat bu qarşılıqlı problemlərin həllinə bir neçə qabaqcıl yanaşma təklif edir. Belə ki, iqlim dəyişmələri nəticəsində əmələ gələn dözülməz istiyə müqavimət göstərməkdən ötrü istixana qazları tullantılarının azaldılması üçün “çəkinmək – transformasiya etmək” yanaşmasından istifadə oluna bilər.
Eyni zamanda, “uyğunlaşmaq – yavaşıtmaq” yanaşması isti iqlimə malik ölkələrdə kondisionerlər quraşdırmağa imkan verir, halbuki bu, həmin texnikanın mədən yanacağı ilə işlədiyi təqdirdə qlobal istilənməyə səbəb ola bilər.