İyunun 4-də Almaniyanın Bonn şəhərində BMT-nin beynəlxalq iqlim konfransı işə başlayıb. Tədbirdə 6 minə yaxın siyasətçi, diplomat və alim iştirak edir.
AZƏRTAC Almaniyanın “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, beynəlxalq konfransın ən mühüm mövzusu iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsidir.
“Biz iqlimlə bağlı fəaliyyətin əsas amili olan maliyyələşmədə ciddi irəliləyiş əldə etməliyik. Burada, Bonn şəhərində sizləri yeni, kollektiv, kəmiyyət etibarilə iqlim maliyyəsi hədəfinə nail olmaq üçün planlardan real variantlara keçməyə çağırıram”, – deyə BMT-nin iqlim dəyişikliyi üzrə icraçı katibi Simon Still açılış nitqində bildirib.
Ekspertlər iqlim dəyişikliyi ilə mübarizə xərclərinin əvvəllər razılaşdırıldığından qat-qat yüksək olacağını gözləyirlər. Belə ki, “NewClimate” İnstitutundan Hannah Fekete bununla bağlı vurğulayıb: “Paris iqlim Sazişində ölkələr ildə ən azı 100 milyard dollar maliyyə öhdəliyi götürməyə razılaşdılar. Amma reallıqda bu rəqəm daha yüksək olmalıdır. Deməli, bu məbləğin milyardlarla deyil, trilyonlarla olacağı ehtimalı daha yüksəkdir”.
Xüsusən, iqlim dəyişikliyi ilə bağlı dəyən zərərin ödənilməsi və iqlimin qorunmasının maliyyələşdirilməsi üçün ən azı 1 trilyon dollar tələb olunacaq. Söhbət Qlobal Cənubun bu məsələdə kompensasiya almasından, eləcə də orada enerji keçidinin maliyyələşdirilməsindən gedir. Ölkələrin bir çoxu mədən yanacaqları ilə vidalaşa, külək və ya günəş enerjisinə sərmayə yatıra bilmir. Lakin son nəticədə, ekspertlərin fikrincə, iqlim məqsədlərinə nail olmaq üçün dünyanın bütün yerlərində dəyişiklik lazımdır. “Tagesschau” portalı yazır ki, bu, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da diqqət mərkəzində olmalıdır.
Vuppertal İqlim, Ətraf Mühit və Energetika İnstitutunun mütəxəssisi Manfred Fişik qeyd edir: “Builki iqlim konfransı iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi və ona uyğunlaşmaq ilə bağlı mühüm qərarlar qəbul etmək, həmçinin hökumətlərin gələn il iqlimin qorunması üzrə gözlənilən hədəflərin ambisiyasını artırmaq istiqamətində fəaliyyətlərə təkan verəcək”. Onun sözlərinə görə, hazırda hər iki sahədə iqlim dəyişikliyinin artan təsirləri fonunda beynəlxalq ictimaiyyət tərəfindən hərəkətə keçmək üçün ciddi iradə yoxdur. Bu fəaliyyət, əsasən, texnoloji inkişaflar, külək və elektrik enerjisi mənbələrindən istifadə məqsədilə əsas texnologiyaların tətbiqində xərclərin azaldılması ilə idarə olunur. Ancaq bu prosesləri təkbaşına yerinə yetirmək mümkün deyil.
Bonn konfransının məqsədlərindən biri iqlim tematikasını qlobal siyasətin diqqət mərkəzinə qaytarmaqdır. Ukraynada və Yaxın Şərqdə davam edən müharibələrə, eləcə də bir çox digər qlobal böhranlara ayrılan diqqət iqlim dəyişikliyi problemini tədricən arxa plana keçirib.
Təkcə son aylar baş verən daşqınlar iqlimin qorunması siyasətinin nə qədər vacib olduğunu göstərir. İqlim dəyişikliyi bütün dünyada getdikcə daha çox ağır təbii fəlakətlərə səbəb olur. Ekspertlərin fikrincə, bütün bunlar daha ardıcıl və məqsədyönlü hərəkət etmək üçün yetərli əsasdır. Bu, həm də gələcək nəsillərin maraqlarına uyğundur, habelə UNICEF-in Bonn konfransında vurğulamaq istədiyi bir məsələdir. Qlobal Cənubda gənc ailələr və uşaqlar isti hava dalğalarından və quraqlıqdan əziyyət çəkirlər. UNICEF-in icraçı direktorunun müavini Kitty van der Heyden bununla bağlı deyib: “Məhz bu səbəbdən biz iqlim siyasətində uşaqlara da diqqət yetirməliyik. Onlar son dərəcə həssasdırlar və bir çoxları yoxsulluqdan ciddi şəkildə təsirlənir. Söhbət onların dolanışığından gedir. Uşaqlar dünya əhalisinin üçdəbirini təşkil edir”.
Uşaqlar hələ doğulmadan əvvəl də iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalırlar. Temperaturun həddən artıq yüksək olduğu, isti havaların ifrat dərəcədə uzun sürdüyü və iqlim dəyişikliyi səbəbindən getdikcə intensivləşdiyi bir çox Afrika ölkəsində hamilə qadınlar isti hava dalğalarının səbəb olduğu stres ucbatından vaxtından əvvəl doğuş problemi yaşayırlar. Bu, UNICEF-in vurğulamaq istədiyi mənfi iqlim təsirlərindən yalnız biridir.
Bonn şəhərində keçirilən konfransın əsas ideyası iqlim dəyişikliyinin nəticələrini bir daha vurğulamaqdır. Tədbirdə qarşıdakı illər üçün təkcə maliyyələşdirmə üzrə yol xəritəsi müzakirə olunmur, həm də iqlim dəyişikliyinin qlobal fəsadlarını aradan qaldırmaq istiqamətində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılır. “Burada söhbət, həmçinin Bakı konfransına ən yaxşı hazırlığın təmin edilməsindən gedir. Bütün bu məsələlərin həlli üçün Bonn konfransı nümayəndələrinin iyunun 13-dək vaxtı olacaq”, -deyə “Tagesschau” qeyd edir.