BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur.
“Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”, – deyə sənəddə bildirilib.
Yekun Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), onun Kioto Protokolunun və Paris Sazişinin məqsədlərinə, prinsiplərinə və müddəalarına hörmət edilməsinin vacibliyi vurğulanır və iqlim dəyişmələri ilə mübarizə və ətraf mühitin qorunması bəhanəsi ilə tətbiq edilən birtərəfli tədbirlər pislənir.
BRICS dövlət başçıları xatırladırlar ki, BMT İDÇK, o cümlədən illik COP iclasları iqlim dəyişmələri probleminin bütün ölçülərdə müzakirəsi üçün əsas və qanuni beynəlxalq platformadır, onlar Misirdə və BƏƏ-də keçirilən Tərəflər Konfransının nəticələrini yüksək qiymətləndiriblər, COP30-un təşkilində Braziliyanın aparıcı rolunu, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsini dəstəkləyiblər.
Qeyd edək ki, Yekun Bəyannamə Kazanda keçirilən BRICS sammitində qəbul edilib.