Mayın 15-i dünyanın bir sıra ölkələrində Beynəlxalq İqlim Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu ekoloji bayramın təsis edilməsi meteoroloqların iqlimi indiki və gələcək nəsillərin rifahına təsir edən mühüm resurs kimi qorumaq çağırışına cavab idi.
İqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir.
Qlobal istiləşmə, atmosfer qatında ozonun miqdarının artması, təbii fəlakətlər, planetdə hava şəraitinin dəyişməsi – bütün bunlar Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır. Nəticədə insanların qida, həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin tarazlı inkişafına zərərli təsir göstərir. Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə artıb və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir.
Müasir elm Yer kürəsində temperatur yüksəlməyə davam edərsə, fəlakətli iqlim dəyişikliyinin nə qədər tez baş verəcəyi sualına cavab verə bilmir. Bununla belə, ekoloqların və meteoroloqların fikrincə, bəşəriyyət həmin dəyişiklikləri gecikdirməyə kifayət qədər qadirdir.
Planetdə geridönməz iqlim dəyişikliyinə səbəb olan əsas problemlər sırasında atmosferdə istixana qazlarının konsentrasiyasının artması dayanır. Həmin fenomen ilk dəfə qlobal səviyyədə 1992-ci ildə – Rio-de-Janeyroda keçirilən Yer Sammitində müzakirə edilib. 180-dən çox ölkənin nümayəndələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayıblar. Həmin saziş dövlətlərin fəaliyyətlərinin atmosferdəki istixana qazlarını Yer kürəsinin iqlim sistemini qlobal antropogen təsirlə təhdid etməyən səviyyədə sabitləşdirməyə yönəlmiş ümumi prinsiplərini müəyyən edirdi.
1997-ci ilin sonunda, Kiotoda (Yaponiya) keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin üçüncü konfransında Konvensiyaya əlavə olaraq beynəlxalq sənəd – Kioto Protokolu qəbul edildi.
On il sonra 2007-ci ilin dekabrında Balidə (İndoneziya) iqlim dəyişikliyinə həsr olunmuş növbəti BMT konfransı keçirildi. Bu zaman 190-dan çox dövlətin nümayəndəsi dünya liderlərini ticarət və sənaye sektorunun karbon qazı emissiyalarını azaltmasını təmin etmək üçün lazımi tədbirlər görməyə çağıran beynəlxalq müqavilə imzaladılar.
Planetdə iqlimin qorunması ilə bağlı ümumi məqsədlərə nail olmaq üçün hər bir dövlətin töhfəsi vacibdir. Yerin iqliminin qorunması planetin hər bir sakinindən asılıdır. Hər kəsin üzərinə düşəni etməsi o qədər də çətin deyil. Bunun üçün, məsələn, avtomobildən daha az istifadə etmək, mənzilləri enerjiyə qənaət edən mənbələrlə işıqlandırmaq, ağacəkmədə iştirak etmək və yaşıllıqları qorumaq olar. Bütün bunlar kiçik şeylər kimi görünür. Lakin planetin əhalisinin sayına görə həmin “xırda şeylər” çox böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda iqlim dəyişiklikləri ilə mübarizədə həyata keçirilən fəaliyyəti beynəlxalq ictimaiyyət yüksək qiymətləndirir
Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, həmçinin işğaldan azad edilmiş torpaqların 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin nəzərdə tutulması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.
Beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz bu səbəbdən, iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox önəmli beynəlxalq platformadır. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görməkdədir.